Azərbaycan Dövlət Yuğ Teatrı kollektivinin yeni mövsümün başlanmasına həsr olunmuş iclası keçirilib.

Bu barədə teatrın mətbuat xidməti məlumat yayıb.

Teatrın direktoru Əməkdar mədəniyyət işçisi İslam Həsənov kollektivi yeni mövsüm üçün planlar və fəaliyyət istiqamətləri ilə tanış edib.

Bu mövsümdə də teatrın repettuarı bir sıra tamaşalarıa zənginləşəcək. Bu sırada rejissor Günay Səttarın quruluşunda Uilyam Şekspirin “Otello” pyesinin tamaşası, Həmzə Xonovun quruluşunda Çingiz Aytmatovun “Cəmilə” povesti əsasında tamaşa var. Həmçinin “Kitabi-Dədə Qorqud” dastanından “Duxa Qoca oğlu Dəli Domrul” və “Qanlı Qoca oğlu Qanturalı” boylarının motivləri tamaşa hazırlanacaq.

Mövsüm ərzində Yuğ Teatrının beynəlxalq festivallarda iştirakı və bir sıra qastrol səfərləri də nəzərdə tutulur.

Yaxın aylarda kollektiv rejissor Mikayıl Mikayılovun “Mən – Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşasını Türkmənistan və Qazaxıstanda keçiriləcək teatr festivallarında təqdim edəcək. Bundan əlavə, teatr “Elçilik” tamaşası ilə Özbəkistana qastrol səfərinə getməyi planlaşdırır.

Onu da qeyd edək ki, Yuğ Teatrı mövsümü sentyabrın 30-da rejissor Əbdülqəni Əliyevin Xalq yazıçısı Anarın hekayəsinin (“Asılqanda işləyən qadının söhbəti”) motivləri əsasında hazırladığı “Asılqan” tamaşası ilə açacaq. Rolları Elşən Əsgərov və Nigar Mürsəlova ifa edəcəklər. Tamaşanın quruluşçu rəssamı Əfşan Əsədova, rejissor assistenti Məryəm Qələndərovadır.