Avropa və dünya kinosunun üç ən nüfuzlu festivalından biri və tarixinə görə ən yaşlısı (ilk dəfə 1934-cü ildə təşkil olunub) olan Venesiya Beynəlxalq Film Festivalı bu il 2-12 sentyabr tarixlərində keçirilir.

83-cü Venesiya kinofestivalının əsas müsabiqə proqramında 21 film əsas mükafat – “Qızıl şir” uğrunda yarışır.

Bundan əlavə, ənənəvi “Üfüqlər” (“Orizzonti”) proqramında 20-dək film nümayiş olunacaq.

Beynəlxalq münsiflər heyətinə amerikalı aktrisa və rejissor Marqalit Cillenholl (Margalit Ruth Gyllenhaal) sədrlik edir.

Festival ingilis rejissor Denni Boylun (Danny Boyle) “Mürəkkəb” (“Ink”) filminin (Böyük Britaniya – ABŞ istehsalı) nümayişi ilə açılıb. Ekran əsəri “The Sun” qəzetinin Böyük Britaniyanın ən çox satılan tabloidinə çevrilməsindən bəhs edir. Ssenarini britaniyalı dramaturq Ceyms Qrem (James Graham) özünün eyniadlı pyesi əsasında yazıb.

Açılış mərasimində amerikalı aktyor, rejissor və prodüser Corc Kluni kinematoqrafiyanın inkişafına verdiyi töhfələrə görə Venesiya festivalının fəxri “Qızıl şir” mükafatı ilə təltif olunub.

Xatırladaq ki, Azərbaycan kinosu Venesiya festivalında ilk dəfə 2014-cü ildə təmsil olunub. Həmin il rejissor Elçin Musaoğlunun “Nabat” bədii filmi 71-ci kinofestivalın “Üfüqlər” proqramında göstərilib.

2020-ci ildə isə azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” (“İn Between Dying”) filmi 77-ci Venesiya festivalının əsas müsabiqə proqramında nümayiş olunub. Hilal Baydarovun “Boşluğa xütbə” (“Sermon to the Void”) filmi isə 2025-ci ildə festivalın “Müsabiqədənkənar – bədii filmlər” (Out of Competition – Fiction) bölməsində yer alıb.

 

Vüqar Orxan