Uzun illər Azərbaycan Radiosunda diktor kimi fəaliyyət göstərmiş Əməkdar artist, Prezidentin fərdi təqaüdçüsü Züleyxa Hacıyeva sentyabrın 2-də 103 yaşında vəfat edib.
Züleyxa Hacıbaba qızı Hacıyeva 25 avqust 1923-cü ildə Bakıda anadan olub. Radioda diktorluq fəaliyyətindən öncə idman sahəsində, gimnast kimi tanınıb. Bu idman növündə dəfələrlə Azərbaycan SSR çempionu (1941-48) olub, respublikada qadınlar arasında ilk dəfə SSRİ idman ustası adını alıb.
1942-ci ildə Azərbaycan Radiosuna işə dəvət olunub, “Səhər gimnastikası” proqramını aparıb. Bu arada ali təhsil də alıb, 1948-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib.
Tədricən diktor kimi püxtələşən Züleyxa Hacıyeva "Poeziya dəqiqələri", "Axşamınız xeyir" və s. verilişlərin aparıcısı olub. 1979-cu ildə ona respublikanın Əməkdar artisti fəxri adı verilib. 1992-ci ilədək Azərbaycan Radiosunda çalışıb.
2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təsis olunanda Züleyxa Hacıyeva bu təqaüdə ilk layiq görülənlərdən olub.
O, dünyaya gələndə Azərbaycanda hələ radio yox idi... Züleyxa Hacıyeva radioda yarım əsr fəaliyyət göstərdi, ömür yolu isə bir əsri aşdı...
Allah rəhmət eləsin!





















