Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAR) təşkilatçılığı ilə 26-29 avqust 2026-cı il tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda II Beynəlxalq Anadolu Akademik Araşdırmalar Simpoziumu keçirilib.

“Dəyişən dünyada Balkanlar: çoxölçülü yanaşmalar və fənlərarası perspektivlər” mövzusunda təşkil olunan beynəlxalq elmi tədbir müxtəlif elm sahələri üzrə tədqiqatçıları, alimləri və mütəxəssisləri bir araya gətirib.

Beynəlxalq Sarayevo Universitetinin (IUS) ev sahibliyi etdiyi simpoziuma AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları da əyani və onlayn formatlarda qatılaraq məruzələrlə çıxış ediblər.

Bu barədə institutdan məlumat verilib.

Sarayevo Yunus Əmrə İnstitutunun dəvəti ilə tədbirdə iştirak edən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Yusifova “XIX–XX əsrlərin əvvəllərində Osmanlı və Balkanlarda fəaliyyət göstərən Azərbaycan mənşəli şairlərin ədəbi irsinin Azərbaycana transferi: nəşr tarixi və dil məsələləri” mövzusunda məruzə təqdim edib.

Məruzədə XIX əsrin sonu – XX əsrin əvvəllərində Osmanlı və Balkan ədəbi-mədəni mühitində fəaliyyət göstərmiş Azərbaycan mənşəli şairlərin yaradıcılıq irsinin Azərbaycana ötürülməsi və elmi dövriyyəyə daxil edilməsi məsələləri araşdırılıb, həmin ədəbi irsin nəşr tarixi, mətnlərin yayılma və ötürülmə yolları, dil xüsusiyyətləri, eləcə də Azərbaycan-Osmanlı-Balkan ədəbi-mədəni əlaqələri kontekstində əhəmiyyəti diqqətə çatdırılıb.

Dosent Xatirə Yusifova simpozium çərçivəsində Türkiyə və digər ölkələrdən universitet rektorları və nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə də Əlyazmalar İnstitutunu  təmsil edib. O, institutun tarixi, elmi fəaliyyət istiqamətləri, əlyazma irsinin qorunması və tədqiqi, rəqəmsallaşdırılması, eləcə də beynəlxalq əlaqələri barədə iştirakçılara məlumat verib, xarici universitet və elmi-tədqiqat müəssisələri ilə birgə layihələrin həyata keçirilməsi perspektivlərindən bəhs edib.

Tədbir zamanı Türkiyənin Tarsus Universiteti ilə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu arasında əməkdaşlıq memorandumu da imzalanıb.

Memorandum tərəflər arasında elmi və akademik əlaqələrin genişləndirilməsini, birgə tədqiqatların və elmi layihələrin həyata keçirilməsini, qarşılıqlı elmi təcrübə mübadiləsini, konfrans, simpozium və digər akademik tədbirlərin təşkilini təşviq etməyi nəzərdə tutur.

Əlyazmalar İnstitutunun II Beynəlxalq Anadolu Akademik Araşdırmalar Simpoziumunda iştirakı Azərbaycan əlyazma irsinin və ölkədə həyata keçirilən müasir elmi tədqiqatların beynəlxalq akademik mühitdə tanıdılması, yeni elmi əlaqələrin qurulması, həmçinin Azərbaycan-Türkiyə və Azərbaycan-Balkan elmi-mədəni münasibətlərinin inkişaf etdirilməsi baxımından əhəmiyyətli olub.