Sentyabrın 1-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Əli Seyran İmanzadənin fərdi sərgisinin açılışı olub.
Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov və digər çıxış edənlər müəllifin yaradıcılığından söz açıblar.
Bildirilib ki, Əli Seyran İmanzadə Azərbaycanda təsviri sənət sahəsində peşəkar rəssamlıq təhsili alıb. Yaradıcılıq fəaliyyəti dövründə son 20 ildən artıq Avropada yaşayıb və çalışıb. Yaradıcılığı Fransa (Dransi) və Belçika (Brüssel) ilə bağlıdır. Rəssam daha çox mənzərə, interyer və portret janrlarında yaratdığı orijinal fovist və kubist əsərləri ilə tanınır.
Əsərləri Parisdə, o cümlədən tanınmış “Beauté Du Matin Calme” qalereyasında keçirilən sərgilərdə nümayiş olunub, həmçinin iri mədəniyyət layihələri, məsələn, Fransada Azərbaycan incəsənətinin təqdimatları çərçivəsində də sərgilənib.
Qeyd edək ki, Əli Seyran İmanzadənin əsərlərinin kompozisiya xüsusiyyətləri Orta əsr Azərbaycan miniatürü ilə Qərbi Avropa avanqardının (kubizm və fovizmin) kəsişməsində yaranır. Onun silsilə və yaradıcılıq metodu əsasında müəllif kompozisiyalarının bəzi xüsusiyyətlərini qeyd etmək olar. İlk növbədə, Şərq miniatürü ilə kubizmin sintezi diqqəti çəkir. Rəssam Şərq miniatürünün ənənəvi dilini müasir vizual düşüncə prizmasından keçirərək incəliklə yenidən mənalandırır. Onun kompozisiyaları miniatürdən dekorativliyi, poetikliyi və təhkiyə xarakterini, kubizmdən isə sərt strukturu və həndəsiliyi mənimsəyir.
Bundan əlavə, formanın həndəsiləşdirilməsi və dekonstruksiyasını qeyd etmək lazımdır. İmanzadə insan bədənlərinin, sifətlərin və ətrafdakı əşyaların həcmlərini müstəvilərə, üçbucaqlara və trapesiyalara ayırır. Çoxsaylı rakurslar onun kətanlarında obyektin çox vaxt eyni anda bir neçə baxış nöqtəsindən göstərilməsi ilə ifadə olunur ki, bu da analitik kubizm üçün xarakterikdir, lakin bununla yanaşı, obyektin tanınan silueti qorunub saxlanılır.
Rəng dinamikası və kompozisiya ritmi yalnız xətlərlə deyil, həm də parlaq, təmiz rənglərin kontrastı ilə müəyyən edilir. Lokal rəng ləkələri aydın konturlarla əhatələnir ki, bu da ilk baxışda statik görünən süjetin daxilindəki daxili gərginliyi və ekspressiyanı gücləndirir. Bununla yanaşı, İmanzadənin kompozisiyaları tarazlığı ilə səciyyələnir. Onun təsvir etdiyi insan fiqurları sükut və təfəkkür aləminə qərq olur, nəticədə dinamik həndəsi formalar harmoniya, poetiklik və meditativ xarakter qazanır.
Əli Seyran İmanzadənin sərgisi sentyabrın 5-dək davam edəcək.

























