Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin hər ay şəhər və rayonlarda qəbulları təşkil olunur.

Mədəniyyət naziri Adil Kərimlinin vətəndaşlarla növbəti görüşü avqustun 27-də Laçın şəhərində keçirilib.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin inzibati binasında keçirilən qəbulda Laçın və Kəlbəcər rayonlarından olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar.

Vətəndaşların müraciətləri əsasən əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsinə dair təkliflər, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri sakinlər tərəfindən qeyd edilən bütün məsələlərin operativ araşdırılacağını və qanunvericiliyə uyğun həlli istiqamətində işlər görüləcəyini bildirib.

Qəbulda şəhid ailələri və qazilərin də qaldırdıqları məsələlərə xüsusi diqqət yetirilməsi ilə bağlı nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.