24-26 avqust tarixlərində keçirilən Laçın Beynəlxalq Film Festivalı (Lachin International Film Festival – LIFF) başa çatıb.
Bağlanış mərasimində festivalda filmləri ilə fərqlənən 5 yerli və 2 xarici rejissor “Qızıl palıd budağı” mükafatı ilə təltif edilib.
Cəmiyyətin aktual problemlərinin kino dili ilə ifadəsinə görə təltif olunan rejissor Elvin Rüstəmzadəyə mükafatı Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin baş direktoru Rəşad Əzizov təqdim edib.
“Ən yaxşı bədii film” nominasiyasında rejissor İlkin Umarov (“Hasarlar arxasında”), “Ən yaxşı sənədli film” nominasiyasında Elşad Ərşadoğlu (“İşığa doğru”) mükafatlandırılıb.
Kino aktyoru sənətinin inkişafındakı xidmətlərinə görə Xalq artisti Şamil Süleymanlı təltif olunub.
Fransalı rejissor Jan-Mari Vilnöv (Ən yaxşı qısa film) və qırğızıstanlı Toktobek Usonov (Münsiflərin xüsusi mükafatı) da vətənlərinə mükafatla qayıdacaqlar.
Laçın Beynəlxalq Film Festivalına töhfəsinə görə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov da “Qızıl palıd budağı” mükafatı ilı təltif olunub.
Qeyd edək ki, festival Laçın rayonunda Azərbaycan Prezidentinin Xüsusi nümayəndəliyinin təşəbbüsü, Mədəniyyət Nazirliyinin və onun tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin, Qarabağ Dirçəliş Fondunun, Bakı Abadlıq Xidmətinin və digər qurumların dəstəyi, “Hoçazfilm” kinostudiyasının təşkilatçılığı ilə keçirilib.
Festivalda iştirak üçün 47 ölkədən 300-ə yaxın film təqdim olunmuşdu. Onlardan 15 ölkəni təmsil edən 20 film seçilərək nümayiş olunub. O cümlədən Özbəkistanda istehsal edilmiş “Əmir Teymur” filminin (rejissor Ceykob Şvarts) xüsusi Qarabağ premyerası keçirilib.























