Yunus Əmrə İnstitutunun “Gələcəyin sənət elçiləri” proqramının Bakı mərhələsi çərçivəsində Türkiyədən gələn gənc sənətçilərin iştirakı ilə Azərbaycan-Türkiyə qardaşlığına həsr olunan musiqi proqramı təqdim edilib.

Beşgünlük proqram çərçivəsində Türkiyədən 10 nəfərlik heyət – Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin və Mimar Sinan Gözəl Sənətlər Universitetinin tələbələri, Yunus Əmrə İnstitutunun əməkdaşı və Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin müəllimi, dosent Sinan Ayyıldız Azərbaycana gəliblər. Proqram iştirakçıları ölkəmizin tarixi və mədəni məkanlarını ziyarət edib, müxtəlif görüşlərdə iştirak ediblər.

Proqramın Bakı Yunus Əmrə İnstitutunda keçirilən “Azərbaycan və Türkiyə qardaşlıq ezgiləri” adlı hissəsində Türkiyədən gələn gənc sənətçilər milli musiqi alətlərində ifalarını təqdim ediblər. Konsertdə azərbaycanlı musiqiçilər Səlim Abbasov və Adnan Əmirli də çıxış ediblər. Türkiyə və Azərbaycanın ortaq mədəni irsini əks etdirən ifalar maraqla qarşılanıb.

Yunus Əmrə İnstitutunun direktoru Gökhan Seyhan bildirib ki, “Gələcəyin sənət elçiləri” proqramı vasitəsilə iştirakçılara Azərbaycanın ortaq mədəni irsini yaxından tanımaq və sənət vasitəsilə yeni əlaqələr qurmaq imkanı yaradılır. “Biz bu proqram çərçivəsində Azərbaycanın ortaq mədəniyyətimizi və tariximizi gənclərə daha yaxından tanıtmaq istədik. İnanırıq ki, belə görüşlər sənət vasitəsilə yeni bir körpünün qurulmasına imkan verir. Gənclərin Azərbaycanın tarixi və mədəni məkanlarını ziyarət etməsi bizim üçün çox önəmlidir”, - deyə G.Seyhan qeyd edib.

Azərbaycan Dillər Universitetinin Türk dünyası araşdırmaları mərkəzinin rəhbəri Cəlal İbrahimov ortaq mədəni irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində Yunus Əmrə İnstitutunun fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, musiqi müxtəlif xalqların ortaq köklərini və mədəni bağlarını ifadə edən mühüm vasitələrdəndir. Onun sözlərinə görə, proqramda qədim türk musiqi alətlərinin səsləndirilməsi bu irsin müasir nəsillə əlaqələndirilməsi baxımından əhəmiyyətlidir.

“Bu gün burada qədim türk alətlərindən biri olan dombranın səsini eşitdik. Musiqi, dil və sənət vasitəsilə ortaq köklərimizi daha yaxından hiss etmək mümkündür. Düşünürəm ki, bu istiqamətdə işləri davam etdirməli, milli geyimlərimizi, adətlərimizi və mədəni dəyərlərimizi də bu cür layihələr vasitəsilə gənclərə çatdırmalıyıq”, - deyə C.İbrahimov vurğulayıb.