Avqustun 25-də Təzəpir məscidində Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilib.
Mərasimdə dövlət rəsmiləri, mərhumun sənət dostları, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərhumun cənazəsinin yanına Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın adından, Mədəniyyət Nazirliyi, Bakı Musiqi Akademiyası və digər qurumlar adından əklillər qoyulub.
Mədəniyyət naziri Adil Kərimli Tofiq Bakıxanovun vəfatının millətimiz, Azərbaycan mədəniyyəti və bütövlükdə dünya mədəniyyəti üçün ağır itki olduğunu deyib: "Tofiq müəllim öz fəaliyyəti və yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin zənginləşməsinə, dünyada tanıdılmasına və təbliğinə böyük töhfələr verib. Onun yaratdığı əsərlər, bəstələri və çoxşaxəli fəaliyyəti Azərbaycan mədəniyyətində silinməz iz qoyub. Bu irs yaşayacaq, onun yaradıcılığı gələcək nəsillər üçün böyük bir məktəb olacaq.
Tofiq Bakıxanovun əsərləri ilə yanaşı, onun təvazökarlığı, böyük insanlığı, dövlətinə, Vətəninə və xalqına sevgisi də hər zaman diqqəti cəlb edib. Bu keyfiyyətlər onun yaradıcılığında da öz əksini tapıb. Hər bir əsərinin özünəməxsus ruhu var.
Sonuncu dəfə onu təxminən bir ay əvvəl ziyarət etmişdik. Çox saf, sadiq və zəhmətkeş bir ömür yaşadı. Ömrünün sonunadək fəaliyyət göstərdi, çalışdı, yazdı, elmlə və musiqi ilə məşğul oldu, Azərbaycan mədəniyyətinə töhfə verməyə səy göstərdi. Pedaqoji fəaliyyətini davam etdirdi, gənclərə istiqamət verdi. Belə insanlar azdır. O, xüsusilə mədəniyyət və incəsənət sahəsinin nümayəndələri, eləcə də gənclər üçün böyük nümunədir".
Milli Məclisin sədr müavini akademik Rafael Hüseynov qeyd edib ki, Tofiq Bakıxanovun dünyadan gedişi ilə bütöv bir epoxanın son nöqtəsi qoyuldu. O, həyatı hadisələrlə, insanlarla zəngin olan, parlaq ömür yaşayan böyük şəxsiyyət idi: "Tofiq Bakıxanov nadir insanlardan idi. Ona məxsus bir sıra nadir keyfiyyətləri bundan sonra kiminsə təkrarlayacağını təsəvvür etmək çətindir. O, ilk dəfə səhnəyə 1940-cı ildə, hələ musiqi məktəbində oxuduğu zaman çıxmışdı. Sonuncu dəfə isə onu sevənlərin qarşısında bu gün səhnədədir. Heç bir Azərbaycan sənətkarına, musiqiçisinə, ədibinə və digər sənət sahələrinin nümayəndəsinə bu qədər uzun müddət səhnədə olmaq nəsib olmayıb".
AMEA prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Tofiq Bakıxanov Abbasqulu ağa Bakıxanovun adı ilə bağlı olan böyük nəslin son görkəmli yadigarı idi. O, bütün ömrü boyu müxtəlif sahələrdə fəaliyyət göstərməklə yanaşı, mənsub olduğu nəslin adını yaşatmaq, dəyərlərini qorumaq, irsini təbliğ etmək və inkişaf etdirmək məsuliyyətini sonadək daşıdı: "Tofiq Bakıxanovun arxivində qorunan, çap olunmamış bir neçə əsər və əlyazma özü tərəfindən akademiyaya təqdim edilmişdi. Həmin əlyazmalar sonradan çap olunub.
O, Azərbaycan elmi ictimaiyyəti ilə də sıx əlaqələr saxlayırdı. Tofiq Bakıxanov akademik cəmiyyətin nəzərində daim axtarışda olan, həyat eşqi ilə dolu bütöv şəxsiyyət kimi xatırlanacaq. Tofiq Bakıxanovun mahnı, balet və konsert yaradıcılığının əsas xəttini Azərbaycanı vəsf etmək, Azərbaycanı tanıtmaq və musiqi dili ilə təbliğ etmək təşkil edirdi. O, sözün əsl mənasında, musiqişünaslıq cəbhəsində azərbaycançılığa sədaqətlə xidmət edib".
Mərhumun oğlu Vahid Bakıxanov atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirib.
***
Tofiq müəllim olduqca işgüzar, zəhmətkeş insan idi. Son nəfəsinə qədər Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin ən fəal təbliğatçılardan biri oldu.
Bunu jurnalistlərə açıqlamasında sənətkarın oğlu Vahid Bakıxanov deyib.
O, atası haqqında danışarkən bildirib ki, Tofiq Bakıxanov öz müəllimlərinin - Üzeyir Hacıbəylinin, Qara Qarayevin adını yaşadırdı: “Tofiq Bakıxanov musiqimizin əsl fanatı idi. Bildiyimiz kimi, Tofiq müəllim də görkəmli Bakıxanovlar nəslinin bir davamçısı idi. Düşünürəm ki, çox gözəl və xoşbəxt bir həyat yaşadı. Həyat müvəqqəti bir prosesdir, amma əsas məsələ özümüzdən sonra qoyduğumuz izdir. Tofiq müəllim isə çox böyük bir iz qoyub getdi. Son vaxtlar çalışırdı ki, müəyyən əsərlər, əlyazmalar mütləq şəkildə bizim kitabxanalarımızın fondunda olsun. Onun unikal partituraları, əlyazmaları, kitabları var. Təbii ki, Tofiq müəllim də anlayırdı ki, həyat sonsuz deyil. Çalışırdı əlindən gələni eləsin ki, həmin ədəbiyyatı, materialları ictimaiyyətə kitabxanalar və digər qurumlar vasitəsilə çatdırsın”.
“Yeri gəlmişkən, keçən il Tofiq müəllimin 95 illiyi oldu və Prezident İlham Əliyev onu 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif etdi. Tofiq müəllim buna görə çox sevinmişdi", - deyə o əlavə edib.
***
Vida mərasimindən sonra Tofiq Bakıxanov son mənzilə yola salınıb. O, II Fəxri xiyabanda dəfn edilib.
Qeyd edək ki, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib.

























