Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu il altıncı dəfə təşkil edilən Mədəniyyət Yolu Festivalı ölkənin tarixi-mədəni irsini, sənət və turistik zənginliyini tanıtmaq məqsədi daşıyan böyük layihədir. Əsası 2021-ci ildə İstanbulda qoyulan bu təşəbbüsün coğrafiyası ildən ilə genişlənir.
Xəbər verdiyimiz kimi, 2026-cı ildə “Mədəniyyət Yolu”nun xəritəsində 26 şəhər var. Ötən il festivalın proqramı 20 şəhəri, 2024-cü ildə isə 16 şəhəri əhatə etmişdi.
Aprel ayında start verilən builki festival indiyədək Şanlıurfa, Aydın, Mersin, Eskişehir, Manisa, Trabzon, Samsun, Bursa, Sakarya, Van, Konya, Nevşehir, Malatya və Erzurumda təşkil edilib.
Ənənəvi olaraq hər mərhələsi 9 gün davam edən festivalın 15-ci dayanacağı Türkiyənin Qara dəniz sahilindəki Ordu şəhəridir.
22-28 avqust tarixlərində bu şəhərdə konsertlər, tamaşa, sərg, əyləncələr, yerli mətbəx təqdimatları və s. daxil olmaqla zəngin proqram nəzərdə tutulub.
Açılış mərasimində çıxış edən Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan 2021-ci ildə bir şəhərdə başlayan "Mədəniyyət Yolu"nun hazırda 7 bölgə üzrə 26 şəhərə qədər genişləndiyini və festivalın Türkiyənin ən əhatəli mədəniyyət və incəsənət layihəsi olduğunu vurğulayıb. O əmin olduğunu bildirib ki, Ordu təbii gözəllikləri, tarixi, mədəni müxtəlifliyi, qastronomiyası və canlı irsi ilə festivala mühüm töhfə verəcək.
Ordu Böyükşəhər Bələdiyyəsinin başqanı Mehmet Hilmi Güler “Mədəniyyət Yolu”na ilk dəfə ev sahibliyi etdiklərini və doqquz gün ərzində ümumilikdə 165 tədbir keçiriləcəyini deyib.
Diqqətə çatdırılıb ki, festival çərçivəsində 40-dan çox "Dad nöqtəsi"ndə Ordunun zəngin kulinariya mədəniyyəti təqdim olunacaq. Tayfun Gürsoy parkında hər axşam təşkil olunan konsertlərdə tanınmış sənətçilər səhnəyə çıxacaq.
Qeyd edək ki, noyabr ayınadək davam edəcək festivalın bundan sonrakı ünvanları Çanaqqala, Kayseri, Kahramanaraş, Ankara, İstanbul, Qaziantep, Diyarbəkir, Mardin, İzmir, Antalya və Adana şəhərləri olacaq.
Festival haqqında ətraflı məlumatı kulturyolufestivali.com saytında almaq olar.
Vüqar Orxan
























