Avqustun 20-də görkəmli dirijor və bəstəkar, Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti Niyazinin anadan olmasının 114-cü ildönümü tamam oldu.
Bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində maestronun doğum gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən öncə I Fəxri xiyabanda maestronun məzarı ziyarət edilib.
Xatirə tədbirində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və Niyazinin mənzil-muzeyinin müdiri Əməkdar mədəniyyət işçisi Rza Bayramov çıxış ediblər.
Çıxışlarda maestro Niyazinin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı müstəsna xidmətlərindən, dirijor və bəstəkar kimi zəngin yaradıcılıq irsindən, milli musiqimizin təbliği və dünya miqyasında tanıdılmasında mühüm rolundan bəhs olunub.
Qeyd edilib ki, Niyazinin sənət irsi Azərbaycan musiqi mədəniyyətinin ayrılmaz hissəsidir və onun yaradıcılığı bu gün də musiqi ictimaiyyəti üçün mühüm əhəmiyyət daşıyır.
Tədbir bədii hissə ilə davam edib.
Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib. İfalar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış, maestro Niyazinin həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunub.























