"Çıraqqala–Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən dünya əhəmiyyətli "Qədim Şabran" arxeoloji abidəsində tədqiqatların növbəti mərhələsi başlanıb.
Tədqiqatlar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə dəstəyi ilə həyata keçirilir.
Arxeoloji qazıntılar nəticəsində qədim Şabran şəhərini su ilə təmin edən saxsı borular, ovdan və ya anbar olması ehtimal edilən nadir tikili və bir sıra başqa maddi mədəniyyət nümunələri aşkarlanıb.
Şabran arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov bildirib ki, “Qədim Şabran” abidəsində təxminən onillik fasilədən sonra arxeoloji qazıntılar yenidən bərpa olunub. Tədqiqatların bundan sonra sistemli şəkildə ilboyu davam etdirilməsi nəzərdə tutulub.
Alim qeyd edib ki, Xəzərin qərb sahili boyunca Azərbaycanın bir sıra Orta əsr şəhərləri mövcud olub. Onlar içərisində Orta əsr mənbələrində Dərbənddən sonra ən önəmli şəhər kimi Şabran şəhərinin adı çəkilir: "Şabran şəhərinin qalıqları böyük ərazini – təxminən Şahnəzərli, Rəhinli, Aygünlü və başqa kəndləri əhatə edir. Şəhər yerinin aşkarlanması, ilk tədqiqatların aparılması ötən əsrin 70-ci illərində başlanıb. Təqribən on il bundan əvvəl burada qazıntılar dayandırılmışdı. Biz bu il yenidən qazıntı işlərini bərpa etdik. Əsas məqsəd bu abidənin aşağı təbəqələrinin dövrünü tam dəqiq müəyyən etməkdir. Çünki yazılı mənbələrdə Erkən Orta əsrlərdə (V-VI əsrlər) Şabran şəhərinin mövcudluğu haqqında məlumatlar var. Ancaq bu illər ərzində aparılan qazıntılar zamanı biz hələlik aşağı təbəqəyə çata bilməmişik. Çünki burada çox qalın, 5-6 metrlik mədəni təbəqə var. İkinci məqsədimiz isə Şabran şəhərinin son dövrlərində burada baş vermiş sosial prosesləri izləməkdir”.
Mütəxəssis bildirib ki, hazırda tədqiqat aparılan ərazi təqribən XV əsrin mədəni təbəqəsinə aiddir. Qazıntılar zamanı bir sıra maraqlı tapıntılar aşkarlanıb.























