2021-ci ildə yaradılan Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin və 2022-ci ildən fəaliyyət göstərən Azərbaycan Respublikası Audiovizual Şurasının funksiyalarını bundan sonra Azərbaycan Respublikası Media və Yayım Şurası həyata keçirəcək.
Azərbaycan Respublikası Media və Yayım Şurası Azərbaycan Respublikası Audiovizual Şurasının hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı yeni yaradılan Şuraya keçir.
“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs ləğv edilir və onun hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Media və Yayım Şurasına verilir.
Bu barədə “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 449-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2026-cı il tarixli Fərmanında deyilir.
Sözügedən qanun avqustun 7-də dərc olunaraq qüvvəyə minib.
Xatırladaq ki, Medianın İnkişafı Agentliyi "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (2009-cu ildən) əsasında yaradılmışdı. Audiovizual Şura isə Milli Televiziya və Radio Şurasını (2002-ci ildən) əvəz etmişdi.
Əlavə edək ki, Prezident İlham Əliyevin 2026-cı il 20 fevral tarixində imzaladığı digər Fərmanla “Sosial Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsi Medianın İnkişafı Agentliyinə birləşdirilmişdi.
Beləliklə, üç qurumun (Medianın İnkişafı Agentliyi, Sosial Tədqiqatlar Mərkəzi, Audiovizual Şura) fəaliyyət sahələri bundan sonra vahid struktur – Media və Yayım Şurası tərəfindən əhatə olunacaq.
Prezidentin 7 avqust 2026-cı il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası Media və Yayım Şurasının strukturu” da təsdiq edilib.
Fərmanda Media və Yayım Şurasının işçilərinin say həddi 108 ştat vahidi nəzərdə tutulub.
Nazirlər Kabinetinə Şuranın işçilərinin Audiovizual Şura və Medianın İnkişafı Agentliyinin işçiləri hesabına komplektləşdirilməsinin təmin edilməsi ilə əlaqədar tədbirlər görmək tapşırılıb.
Qeyd edək ki, son rəsmi məlumatlara görə, Audiovizual Şurada işçi sayı 51 ştat vahidi, Medianın İnkişafı Agentliyinə birləşdirilən Sosial Tədqiqatlar Mərkəzində isə 35 ştat vahidi olub. Medianın İnkişafı Agentliyinin özünün indiyədək ştat üzrə nə qədər işçisinin olması barədə açıq mənbələrdə məlumat yoxdur.





















