Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) Birinci Qarabağ müharibəsi şəhidi, “Azərbaycan bayrağı” ordenli kəşfiyyatçı Adil Rüstəmovun xatirəsinə həsr olunmuş “Ölümsüz qəhrəman” sənədli filminin nümayişi olub.
Avqustun 1-də təqdim olunan sənədli filmdə Adil Rüstəmovun həyatı və döyüş yolu, göstərdiyi qəhrəmanlıq ailə üzvləri və döyüş yoldaşlarının xatirələri əsasında işıqlandırılıb.
“Nova Gorica” kino mərkəzinin istehsalı olan ekran əsərinin çəkilişi Bakı və Zəngilan şəhərlərində aparılıb.
Filmin ssenari müəllifi və rejissoru Aydan Əhmədova, operatoru Yağmur İbrahimov, bədii rəhbəri Tahir Tahiroviç, icraçı prodüseri Kənan Kərimov, prodüseri Aslan Abdullayevdir. Film “Euroclima”nın dəstəyi ilə ərsəyə gəlib.
***
Adil Rüstəmov 1963-cü ildə Zəngilan şəhərində anadan olub. 1990-cı ildə Azərbaycan Milli Ordusuna yazılıb, rota komandiri, ardınca kəşfiyyat komandiri təyin edilib. 1992-ci il dekabrın 10-da Şayıflı stansiyasında düşmənlə əlbəyaxa döyüşdə qəhrəmanca həlak olub. Məzarı Zəngilan şəhər qəbiristanlığındadır. Ölümündün sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif olunub.



















