Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə 29 iyul - 3 avqust tarixlərində keçirilən XV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb.

Builki festivalda Azərbaycanla yanaşı, Almaniya, Avstriya, Qazaxıstan, Niderland, Özbəkistan, Rusiya və Vyetnamdan da iştirakçılar olub.

Festival zamanı Qəbələ şəhəri layihənin məqsədinə uyğun olaraq mədəniyyətlərarası dialoqun mühüm platformasına çevrilib, müxtəlif ölkələrin, fərqli mədəniyyətlərin təmsilçiləri Azərbaycanın bu qədim bölgəsində bir araya gəliblər.

Avqustun 3-də keçirilən bağlanış konsertində Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və solistlər – Xalq artistləri Azər Zeynalov (tenor), Samir Cəfərov (tenor), Əməkdar artist Elnarə Məmmədova (soprano), Lalə Mürşüdlü (soprano) çıxış ediblər. 

Musiqi gecəsi Cahangir Cahangirovun "Qələbə uvertürası" ilə başlayıb. Daha sonra Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Koroğlunun ariyası, Asəf Zeynallının Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Ölkəm" romansı və Fikrət Əmirovun "Sevil" operasından Balaşın ariyası səsləndirilib. Proqramda dünya opera irsinin məşhur nümunələri də təqdim olunub.

Festivalın konsertlərində yerli sakinlər və Qəbələnin qonaqları müxtəlif ölkələrdən sənətçilərin çıxışlarını alqışlarla qarşılayıblar.

Qeyd edək ki, 2009-cu ildən təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalı illərdir dünya musiqisinin müxtəlif simalarını bir məkanda toplayaraq beynəlxalq mədəni dialoqun əsas ünvanına çevrilib. Bu musiqi platforması təkcə klassik əsərlərin təntənəsi deyil, həm də xalqları birləşdirən, sərhədləri aşan və unudulmaz anlar bəxş edən mədəniyyətlərarası körpüdür.