Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə uşaq yazıçısı Elvira Məmmədova ilə balaca oxucuların görüşü təşkil olunub.

Kitabxanadan bildirilib ki, maarifləndirici və interaktiv formatda keçirilən tədbirin məqsədi uşaqlarda ana dilinə sevgi aşılanması, mütaliə mədəniyyətinin inkişaf etdirilməsi və müasir Azərbaycan uşaq ədəbiyyatının təbliğidir.

Elvira Məmmədova uşaqlarla görüşdə dövlət dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsinin vacibliyindən söz açıb. Yazıçı ana dilinin xalqın milli kimliyini yaşadan ən mühüm mənəvi sərvətlərdən biri olduğunu vurğulayıb və uşaqları Azərbaycan dilini sevməyə, ondan düzgün istifadə etməyə və daha çox kitab oxumağa çağırıb.

Görüşün ən yaddaqalan anlarından biri yazıçının “Düymə” kitabının təqdimatı olub. Müəllif əsəri bədii ifadə tərzi ilə səsləndirərək balaca oxucuları nağılın sehrli dünyasına səyahətə aparıb. Əsərin qəhrəmanları və onların macəraları uşaqlarda böyük maraq doğurub, təqdimat iştirakçılar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

Təqdimatdan sonra uşaqların iştirakı ilə nağıl əsasında viktorina təşkil olunub. Balaca oxucular sualları həvəslə cavablandıraraq diqqət, yaddaş və məntiqi düşünmə bacarıqlarını nümayiş etdiriblər.

Görüşün sonunda təşkil edilən rəngləmə saatı isə uşaqların yaradıcılıq potensialının üzə çıxarılmasına imkan yaradıb. 

Kitabxana tərəfindən iştirakçılara nağıl kitabları hədiyyə olunub.

Respublika Uşaq Kitabxanası müasir Azərbaycan uşaq ədəbiyyatının tanıdılması və yazıçı-oxucu əlaqələrinin möhkəmləndirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirir. Uşaqların intellektual və mənəvi inkişafına töhfə verən maarifləndirici layihələr, müəlliflərlə görüş və kitab müzakirələri davam etdiriləcək.