Bakı Dövlət Sirkinin artisti, illüziyaçı və mentalist Şəhadət Bağırov yeni və qeyri-adi layihə ilə çıxış etməyə hazırlaşır.
Şəhadət Bağırov iddia edir ki, lotereyanın cekpotunu qazanan rəqəmləri tirajdan aylar əvvəl təxmin edəcək və həmin rəqəmləri əvvəlcədən qeydə alaraq bütün prosesin şəffaf şəkildə sənədləşdirilməsini təmin edəcək.
Onun sözlərinə görə, təxminin nəticələri əvvəlcədən səs yazısı formasında flaş yaddaş qurğusuna qeyd olunacaq. Daha sonra kamera qarşısında, televiziya və ya YouTube kanalının studiyasında, bank və notariat nümayəndələrinin iştirakı ilə təxmin etdiyi rəqəmlər kağız üzərində yazılacaq.
Yazılan kağız notariat və bank nümayəndələrinin imzası ilə təsdiqlənəcək. Ardınca kağız və səs yazısının olduğu flaş yaddaş xüsusi qutuya yerləşdirilərək bağlanacaq və kilidlənəcək. Qutunun möhürlənməsi də şahidlərin və nümayəndələrin iştirakı ilə həyata keçiriləcək.
İllüziyaçı bildirir ki, möhürlənmiş qutu daha sonra bank əməkdaşına təhvil veriləcək və bankda saxlanılacaq. Onun sözlərinə görə, qutuya müdaxilənin qarşısını almaq və prosesin şəffaflığını təmin etmək üçün saxlanma müddətində kamera nəzarətindən istifadə olunacaq.
Təxminən bir-iki ay sonra isə qutunun açılması yenidən bank və notariat nümayəndələrinin iştirakı ilə, kamera qarşısında həyata keçiriləcək.
Şəhadət Bağırovun iddiası ondan ibarətdir ki, qutudan çıxarılacaq və aylar əvvəl yazılmış rəqəmlər lotereyanın canlı yayımda açıqlanan və cekpotu qazanan rəqəmləri ilə üst-üstə düşəcək.
"Bu rəqəmləri əvvəlcədən təxmin edəcəyəm. Təxminimin nəticəsini əvvəlcədən qeyd etdirib möhürlənmiş və nəzarətdə saxlanılan qutuda qoruyacağam. Aylar sonra qutu açılarkən rəqəmlərin canlı yayımda açıqlanan nəticələrlə müqayisəsi aparılacaq", – deyə illüziyaçı bildirib.
Layihənin əsas məqsədi təxminin yalnız sonradan elan edilməsinin deyil, nəticənin əvvəlcədən hazırlanaraq müstəqil şəxslərin iştirakı ilə möhürlənib qorunmasının nümayiş etdirilməsidir.
Əgər bu iddia real tiraj nəticələri ilə üst-üstə düşərsə, hadisə illüziya və mentalizm sahəsində kifayət qədər diqqətçəkən nümayişə çevrilə bilər.
Hazırda layihənin hansı telekanalda və ya YouTube studiyasında həyata keçiriləcəyi, həmçinin bank və notariat nümayəndələrinin prosesdə iştirakı ilə bağlı detalların dəqiqləşdirilməsi gözlənilir.



















