İyulun 31-də Milli Kitabxanada 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş “Azərbaycan Mədəniyyəti–2040” Mədəniyyət Konsepsiyası kontekstində “Azərbaycan dilinin qorunması və inkişafı məsələləri” mövzusunda dəyirmi masa keçirilib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov tədbiri açaraq, Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanına əsasən, hər il avqustun 1-də ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün qeyd olunduğunu diqqətə çatdırıb.  

Azərbaycan dilinin xalqımızın milli kimliyinin, mənəvi dəyərlərinin və dövlətçiliyinin əsas sütunlarından biri olduğunu vurğulayan direktor qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət dilinin qorunması, inkişaf etdirilməsi və zənginləşdirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir.

Azərbaycan Prezidentinin 2026-cı il 14 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təsdiq olunduğunu xatırladan Kərim Tahirov bildirib ki, Konsepsiyanın əsas bölmələrindən birini Azərbaycan dilinin qorunması və inkişafı məsələləri əhatə edir.

Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolundan, müasir dövrdə qarşıda duran vəzifələrdən, qloballaşma şəraitində ana dilinin saflığının qorunmasının və ədəbi dil normalarına əməl edilməsinin əhəmiyyətindən danışıb.

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı dosent Aydan Xandan bildirib ki, qloballaşma, sosial şəbəkələrin geniş yayılması və rəqəmsal kommunikasiya vasitələrinin sürətli inkişafı Azərbaycan dilinin istifadəsində yeni çağırışlar formalaşdırıb.

Tədbir iştirakçıları Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində bu cür elmi müzakirələrin əhəmiyyətini yüksək qiymətləndirərək, belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar.