29 iyul – 3 avqust tarixlərində Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə XV Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilir.
İyulun 29-da festivalın açılış konsertində Xalq artisti Ramiz Məlik-Aslanovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Tələbə Simfonik Orkestri çıxış edib.
Konsertdən öncə səhnəyə çıxan BMA-nın rektoru Xalq artisti Fərhad Bədəlbəyli bildirib ki, 15-ci dəfə təşkil olunan festivala indiyədək müxtəlif ölkələrindən tanınmış solistlər, simfonik orkestrlər, xor kollektivləri, dirijorlar və digər ifaçılar qatılıblar. Festival çərçivəsində hər il müxtəlif musiqi janrlarını əhatə edən zəngin və maraqlı konsert proqramları təqdim olunur. Qəbələ Beynəlxalq Musiqi Festivalı bu illər ərzində dünyanın aparıcı musiqiçilərini bir araya gətirən nüfuzlu beynəlxalq mədəniyyət tədbirlərindən birinə çevrilib.
Konsert proqramında BMA-nın Tələbə Simfonik Orkestri və solistlər – Əməkdar artist Elvin Hoca Qəniyev (violin), Aysun Mahmudzadə (soprano), Şəmistan Əliyev (klarnet) və Vaqif Qurbanovun (violonçel) ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.
***
Qəbələ Beynəlxalq Musiqi Festivalı ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşən Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu deyib ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Qəbələdə bu festivalın artıq 15-ci dəfə keçirilməsi mühüm hadisədir.
“Çox sevinirəm ki, festival illərdir davamlı şəkildə təşkil olunur və artıq gözəl bir ənənəyə çevrilib. Belə tədbirlərin yaşadılması və davam etdirilməsi böyük əhəmiyyət daşıyır. Bu festival xüsusilə gənc musiqiçilər üçün mühüm təcrübə və inkişaf platformasıdır. Onlar burada peşəkar təcrübə qazanır, öz istedadlarını nümayiş etdirmək imkanı əldə edir və beynəlxalq musiqi mühitinin bir parçasına çevrilirlər. İnanıram ki, bu ənənə gələcək illərdə də uğurla davam edəcək”, - deyə o əlavə edib.
Xalq artisti, dirijor Ramiz Məlik-Aslanov bildirib ki, Qəbələ Beynəlxalq Musiqi Festivalına əvvəlki illərdə də qatılsa da, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri ilə ilk dəfə çıxış edir: "Bu festivalda ilk dəfə öz orkestrimlə səhnəyə çıxmaq mənim üçün böyük qürurdur. Bakı Musiqi Akademiyasının böyük gələcəyinə inanıram. Orkestrimizdə çıxış edən gənclər bu gün çox həyəcanlı olsalar da, onların hər biri istedadlı və peşəkar inkişaf yolunda əzmlə çalışan musiqiçilərdir. Sevindirici haldır ki, gənclərin klassik musiqiyə marağı getdikcə artır. Bu gün nümayiş etdirdiyimiz proqramın arxasında uzun və zəhmətli hazırlıq prosesi dayanır. Biz bu festivala dörd il ərzində məqsədyönlü şəkildə hazırlaşmışıq və bu zəhmətin nəticəsini tamaşaçılar qarşısında təqdim etməkdən məmnunuq”.
Virtuoz skripka ifaçısı Elvin Hoca Qəniyev isə bu festivalda ikinci dəfə iştirak etdiyini bildirərək deyib: "Bu musiqi festivalında təşkil olunan konsertlər yüksək peşəkarlıq səviyyəsi ilə seçilir. Belə bir tədbirdə yer almaq mənim üçün böyük qürur və xoşbəxtlikdir. Gənc musiqiçilərlə eyni səhnəni bölüşmək, onların həyəcanına və uğurlarına şahid olmaq mənə xüsusi sevinc bəxş edir. Onların hər biri çox istedadlıdır və gələcək üçün böyük potensiala malikdir. Düşünürəm ki, belə festivallar klassik musiqiyə və ümumilikdə incəsənətə marağın artmasına mühüm töhfə verir”.
Violonçel ifaçısı, BMA-nın III kurs tələbəsi Vaqif Qurbanov isə bildirib ki, BMA-nın Tələbə Simfonik Orkestrinin bu festivalda çıxış etməsi onlar üçün böyük qürur və sevincdir. O qeyd edib: “Tələbə Simfonik Orkestri mütəmadi olaraq müxtəlif tədbir və festivallarda iştirak edir ki, bu da gənc musiqiçilərin peşəkar inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Mən həm orkestrin tərkibində çıxış edir, həm də solo ifalarla səhnəyə çıxıram. Gənclərin klassik musiqiyə və ifaçılıq sənətinə marağı, sevgisi olduqca böyükdür. Belə festivallar isə bu marağın daha da artmasına və gənc istedadların özlərini göstərmələrinə geniş imkan yaradır”.
Xatırladaq ki, Qəbələ şəhərində beynəlxalq musiqi festivalının əsası 2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə qoyulub.
Festival bu il də öz məqsədinə uyğun olaraq mədəniyyətlərarası dialoqun mühüm platformasına çevriləcək, müxtəlif ölkələrin, fərqli mədəniyyətlərin təmsilçiləri Azərbaycanın bu qədim bölgəsində bir araya gələcək. Musiqi bayramında Almaniya, Rusiya, Avstriya, Qazaxıstan, Moldova, Niderland, Özbəkistan və Vyetnamdan ifaçılar iştirak edəcəklər.


























