AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin böyük elmi işçisi Sənubər Əhmədova-Hacıyevanın ön söz yazaraq təsvir və tərtib etdiyi “Əlyazmalar İnstitutu xəzinəsində mühafizə edilən almandilli materialların kataloqu” kitabı işıq üzü görüb.

Bu barədə institutdan məlumat verilib.

Əlyazmalar İnstitutu Elmi şurasının qərarı ilə çap olunan kataloqa institutun fondundakı almandilli materialların qısa təsviri daxil edilib. Materiallar çap kitablarını, kataloqları, lüğətləri, dövri mətbuat nümunəsini, elmi arxiv, fond və arxiv sənədlərini, fotoşəkilləri, fotoplyonka və mikrofilmləri, foto və kitab surətlərini, hədiyyə fondu materiallarını, kserosurətləri, makina çapını, müəllifi olmayan və ya naqis kitabları əhatə edir.

Nəşrin elmi məsləhətçisi akademik Teymur Kərimli, elmi redaktorları fil.ü.f.d., dosent Əkrəm Bağırov, tarix ü.f.d., dosent Nigar Babaxanova, rəyçiləri fəl.e.d., dosent Zəkiyyə Əbilova və böyük elmi işçi Kəlamə Abbasovadır.