18-25 iyul tarixlərində Portuqaliyanın Braqa, Maia, Barcelos və Fafe şəhərlərində müxtəlif ölkələrdən tanınmış teatr xadimlərini, yaradıcı kollektivləri və mədəniyyət rəhbərlərini bir araya gətirən V Beynəlxalq Teatr Festivalı keçirilib.

Portuqaliya, İspaniya, İtaliya, Ukrayna, Moldova və Özbəkistandan teatr kollektivlərinin, ümumilikdə 10 ölkədən 80-dən çox teatr mütəxəssisinin qatıldığı, 14 tamaşanın nümayiş olunduğu beynəlxalq tədbirdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı münsiflər heyətinin üzvü qismində iştirak edib.

Bu barədə teatrdan məlumat verilib.

Musiqili Teatrın direktoru festival çərçivəsində beynəlxalq əməkdaşlığın inkişafına həsr olunmuş tədbir və panel müzakirələrdə iştirak edərək bir sıra ölkələrin teatr rəhbərləri ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi və gələcək birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıb.

Aqil Bəhramlı Avrasiya Teatrlar Assosiasiyası (ETA) təsisçilərinin iclasında da iştirak edib.

Beynəlxalq teatr dialoqunun inkişafına töhfə verən V Beynəlxalq Teatr Festivalı 45 illik yubileyini qeyd edən "Teatro Circo"nun təşkilatçılığı, Portuqaliyanın Mədəniyyət Nazirliyi, "DGArtes", yerli bələdiyyələr və Avrasiya Teatrlar Assosiasiyasının tərəfdaşlığı ilə reallaşıb.