Azərbaycan nümayəndə heyəti İranın Ərdəbil şəhərində keçirilən ənənəvi “Ərdəbil Həftəsi” və “Şeyx Səfiəddin Ərdəbilinin Xatirə Günü” tədbirlərində iştirak edib. Heyətdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli, Milli Məclisin deputatı Ceyhun Məmmədov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov yer alıb.
Bu barədə AMEA-dan məlumat verilib.
Bildirilib ki, Şeyx Səfi kompleksində keçirilən “Ərdəbil Həftəsi” və “Şeyx Səfiəddin Ərdəbilinin Xatirə Günü”nün rəsmi açılış mərasimində Ərdəbil Vilayətinin ostandarı, İran İslam Respublikası Ali Dini Rəhbərinin nümayəndəsi, İranın mədəniyyət naziri, Gilan Vilayətinin ostandarı, İranın tanınmış səfəvişünas alimləri çıxış ediblər.
Akademik İsa Həbibbəyli “Tarixdə Səfəvilər – Ərdəbililər və Şeyx Səfiəddin Ərdəbili” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan-İran elmi-mədəni əlaqələri fonunda ortaq tariximizə və mədəniyyətimizə böyük töhfələr vermiş Səfəvi və Ərdəbili soyadlı görkəmli şəxsiyyətlərin xidmətlərindən bəhs edilib, Şeyx Səfiəddin Ərdəbilinin “Qara məcmuə”sindəki şeirlərin və hekayələrin ədəbiyyat tarixindəki yeri və əhəmiyyətindən söz açılıb. Eyni zamanda, yeni tarixi dövrdə Azərbaycan-İran elmi-ədəbi və mədəni əlaqələrinin daha da genişləndirilməsi zərurəti diqqət mərkəzinə çəkilib.
Azərbaycan nümayəndə heyətinin İranın mədəniyyət naziri, Ərdəbil Vilayətinin ostandarı və Ərdəbil Dövlət Universitetinin rektoru ilə görüşləri olub.
Görüşlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkələrimiz arasındakı əlaqələrin inkişaf etdirilməsi sahəsində apardığı məqsədyönlü siyasətin konkret nəticələri, eyni zamanda, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın yeni tarixi mərhələdə təşkili məsələləri müzakirə olunub.
2027-ci ildə Şah İsmayıl Xətainin anadan olmasının 540 illiyi münasibətilə Bakıda və Ərdəbildə beynəlxalq elmi konfransların keçirilməsi, Səfəvi tarixinə dair ortaq tədqiqatların aparılması, bu sahə üzrə zəruri elmi əsərlərin mübadiləsi və tərcümə edilməsi və ortaq mədəniyyətimizin müxtəlif sahələrinə dair sərgilərin təşkili barədə razılıq əldə edilib.
Milli Məclisin deputatı Ceyhun Məmmədovun İran parlamentinin Ərdəbildən olan deputatlarla görüşündə ölkələrimiz arasındakı əlaqələrin aktual məsələləri müzakirə olunub.
Azərbaycan nümayəndə heyəti Ərdəbil şəhərindəki Şeyx Səfi Sarayı Kompleksini, Səfəvi hökmdarı Şah İsmayıl Xətainin və onun ulu babası, Səfəviyyə təriqətinin yaradıcısı Şeyx Səfiəddin Ərdəbilinin heykəllərini ziyarət edib.
Səfərdə Azərbaycan Respublikasının İranın Təbriz şəhərindəki baş konsulu Taleh Zöhrabov nümayəndə heyətini müşayiət edib.
























