Almaniya Federativ Respublikasının (AFR) Azərbaycana təyin edilən yeni səfiri Dirk Lölke Bakıya gəlib.
Bu barədə Almaniyanın Azərbaycandakı Səfirliyi sosial şəbəkə hesabında məlumat yayıb.
"Qarşıdakı illərdə Almaniya ilə Azərbaycan arasındakı münasibətləri daha da möhkəmləndirməyi və ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyi səbirsizliklə gözləyirəm", – deyə səfirlikdə vəzifəsinin icrasına başlayan Dirk Lölke bildirib.
Xatırladaq ki, Dirk Lölke bu vəzifədə ötən ay Azərbaycanda diplomatik fəaliyyəti başa çatan Ralf Horlemannı əvəz edib.
1962-ci ildə Stadthagen şəhərində (Aşağı Saksoniya (Niedersachsen) federal torpağı) anadan olan Dirk Lölke klassik filologiya və tarix üzrə ali təhsil alıb. 1992-1994-cü ildə diplomatik xidmətə hazırlıq kursu (Vorbereitungsdienst für den höheren Auswärtigen Dienst) keçib və Xarici İşlər Nazirliyində fəaliyyətə başlayıb.
Müxtəlif vaxtlarda Almaniyanın Serbiya, Paraqvay və İtaliyadakı səfirliklərində, Avropa Komissiyasında (Brüssel, Belçika) çalışıb.
2018-2021-ci illərdə Almaniyanın Anqoladakı səfiri vəzifəsini yerinə yetirib. Azərbaycana təyinatadək (2023-cü ildən) AFR-in Omanda səfiri olub.
Onu da qeyd edək ki, Dirk Lölke Almaniyanın Azərbaycanda fəaliyyətə başlayan sayca 11-ci səfiridir.
Vüqar Orxan





















