Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı (ATXİ) və “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ölkə teatrlarında çalışan, teatr sənətinin təbliğində əməyi olan mütəxəssislər və media nümayəndələri iştirak ediblər.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov, sədr müavinləri – Xalq artisti İlham Namiq Kamal və Əməkdar artist Azad Şükürov qonaqları Milli Mətbuat Günü münasibətilə təbrik ediblər. Natiqlər jurnalistlərin cəmiyyətin maarifləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği və mədəniyyətimizin işıqlandırılması sahəsindəki xidmətlərini yüksək qiymətləndiriblər.
Çıxışlarda 151 il əvvəl maarifpərvər ziyalı Həsən bəy Zərdabi tərəfindən təməli qoyulmuş Azərbaycan milli mətbuatının şərəfli inkişaf yolu keçdiyi, o cümlədən milli-mənəvi dəyərlərin qorunmasında, mədəni irsin təbliğində əvəzsiz rol oynadığı xüsusi vurğulanıb.
Bildirilib ki, mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən jurnalistlər ölkənin mədəni irsinin, teatr sənətinin və yaradıcılıq prosesinin geniş auditoriyaya çatdırılmasında mühüm missiya yerinə yetirirlər. Teatrların fəaliyyəti, səhnə əsərlərinin təqdimatı, sənət adamlarının yaradıcılığı və mədəni layihələrin işıqlandırılması cəmiyyətlə mədəniyyət arasında etibarlı informasiya körpüsünün formalaşmasına mühüm töhfələr verir. Peşəkar jurnalistikanın inkişafının teatr sənətinin təbliğinə, milli mənəvi irsin qorunmasına və cəmiyyətin estetik zövqünün formalaşmasına böyük töhfə verdiyi diqqətə çatdırılıb.
Tədbirin sonunda teatr sahəsində çalışan, tearların strategiya və kommunikasiya, repertuar və dramaturgiya məsələləri üzrə mütəxəssislərinə, eləcə də bu sənətin təbliğində fəal iştirak edən media nümayəndələrinə Azərbaycan Teatr Xadimləri İttifaqının “İttifaqın dostu” diplomu, “Teatr fədaisi” medalı və fəxri fərmanları təqdim edilib.
***
Gəncə Dövlət Milli Dram Teatrının repertuar və dramaturgiya məsələləri üzrə mütəxəssisi, teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev “Teatr sənətinin təbliğ olunmasında uğurlu fəaliyyətinə görə” ATXİ-nin fəxri fərmanı ilə təltif olunub.
Bu barədə Gəncə teatrından məlumat verilib.
Anar Ərtoğrul Burcəliyev teatr sənətinə dair çosxaylı məqalə, oçerk və resenziyaların, 23 kitabın müəllifidir.






















