İyulun 20-də Nizami Kino Mərkəzində Azərbaycan Televiziyasının sifarişi ilə ərsəyə gələn, bədii təsvirləri ilk dəfə süni intellekt vasitəsilə hazırlanan tarixi “Sultan Həsən Bahadur” filminin təqdimatı olub.
Film XV əsrdə indiki Azərbaycan ərazisini də əhatə edən və Azərbaycan xalqının tarixində mühüm yeri olan Ağqoyunlu dövlətinin (1468–1503) banisi olmuş Uzun Həsənin (1423, Diyarbəkir – 1478, Təbriz) həyatından bəhs edir.
Nümayişdən əvvəl çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, təqdim olunan ekran əsəri bir neçə mühüm xüsusiyyəti ilə seçilir. Onun sözlərinə görə, film Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən biri olan Sultan Həsən Bahadura həsr edilməsi baxımından böyük əhəmiyyət daşıyır və milli kimliyin möhkəmləndirilməsinə mühüm töhfə verir.
Nazir müavini qeyd edib ki, filmin digər mühüm cəhəti bədii təsvirlərin süni intellekt vasitəsilə hazırlanmasıdır. O vurğulayıb ki, bu, qarşısıalınmaz bir prosesdir və süni intellekt yaradıcılığın yeni formalarından biri kimi qəbul edilməlidir. Onun sözlərinə görə, bu texnologiya filmlərin istehsalını daha əlçatan və iqtisadi cəhətdən səmərəli edir. Mədəniyyət Nazirliyi həm klassik, həm də müasir texnologiyalar əsasında hazırlanan layihələri dəstəkləyir və “Sultan Həsən Bahadur”u uğurlu layihə hesab edir.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov bildirib ki, iki il əvvəl “Tariximizlə qürur duyuruq” layihəsinə start verilib və bu istiqamətdə sistemli fəaliyyət həyata keçirilir. “Tarixdən bəhs edən ekran əsərlərinin yüksək keyfiyyətlə hazırlanması əsas prinsiplərdən biridir. Uzun Həsənin həyatından bəhs edən film tamamilə tarixi faktlara əsaslanır, 4 aya ərsəyə gəlib və xronometrajı 37 dəqiqədir. Ekran əsərində Ağqoyunlu dövlətinin qüdrətli hökmdarı, tarixdə Uzun Həsən adı ilə tanınan Sultan Həsən Bahadurun böyük fatehlik yolu, eləcə də anası, Şərqin ilk diplomat qadını hesab olunan Sara xatunun siyasi dühası əks olunub. Filmdə süni intellektin vizual imkanları tarixi faktlarla vəhdətdə təqdim edilir. Azərbaycan Televiziyasının “Tariximizlə qürur duyuruq” bədii-sənədli filmlər silsiləsinin ilk ekran əsəri olan “Sultan Həsən Bahadur” qardaş Türkiyənin “Patik Prodakşn” şirkəti ilə birgə istehsal olunub”, - deyə o əlavə edib.
Rövşən Məmmədov süni intellektin müasir dövrdə xüsusilə gənclərin maraq göstərdiyi əsas texnologiyalardan biri olduğunu deyib: “Bu imkanlardan istifadə etməklə tarixi daha təsirli formada təqdim etmək mümkündür”.
Sonra film nümayiş olunub.
Filmin rejissoru Mecit Güven, ssenari müəllifləri Sərvər Bayramov, Mahir Qəribov və Sevda Hüseyndir. Elmi məsləhətçiləri Səbuhi Əhmədov və Könül İmamverdiyeva, bəstəkarı Vüqar Camalzadə, rəssamı Reyhan Aslanova, prodüserləri Sərvər Bayramov və Ercan Kayadır.

























