İyulun 15-də Bakı Kitab Mərkəzində “Şəhərin yay günləri” adlı musiqi və poeziya gecəsi təşkil edilib.

Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva bildirib ki, bu məkanda adətən kitab təqdimatları və ya yaradıcılıq gecələri keçirilsə də, bu dəfə sadəcə xoş ovqat yaratmaq məqsədilə fərqli bir layihəyə imza atılıb. Yay günlərində paytaxt sakinlərinin və şəhərin qonaqlarının qəlbini oxşamaq üçün yalnız poeziya və gözəl Bakı haqqında nəğmələrin səsləndiriləcəyini deyən G.Rzayeva tədbirin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib.

Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elmin İmanov çıxışında Bakı Kitab Mərkəzinin vətənpərvərlik ruhunun təbliği və mədəni irsimizin tanıdılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə mərkəzin birgə təşkil etdiyi layihələr xüsusilə Vətən müharibəsində qazanılan tarixi Qələbənin gənc nəslə aşılanmasında mühüm rol oynayır. 

Tədbirin ən yaddaqalan məqamlarından biri Beynəlxalq Muğam Mərkəzinin nəzdində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun çıxışı olub. Dirijor Təranə Yusifovanın bədii rəhbərliyi ilə təqdim olunan musiqi proqramında kollektiv “Bakı haqqında mahnı”, “Üzüyümün qaşı firuzədəndir”, “Bakı qızları”, “Aləm oyansın”, “Güllər” və “Azərbaycan” əsərlərini məharətlə səsləndirib.

Gecənin poeziya bölməsi də tamaşaçıların zövqünü oxşayıb. Azərbaycan Yazıçılar Birliyinin katibləri Səlim Babullaoğlu və İlqar Fəhmi şeirlər oxuyublar.

Xalq artisti Mehriban Zəki beynəlxalq müsabiqələr laureatı, pianoçu Vurğun Vəkilovun müşayiəti ilə görkəmli şair Vaqif Səmədoğlunun lirik dünyasından parçaları təqdim edib.

Musiqi və poeziya axşamı 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi üzvlərinin dahi bəstəkar Tofiq Quliyevin ölməz vals sədaları altında hazırladıqları zərif rəqs kompozisiyası ilə yekunlaşıb.

Yay ab-havasını musiqi, poeziya və rəqsin möhtəşəm harmoniyası ilə yaşadan bu xüsusi gecə iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.