Mədəniyyət naziri Adil Kərimli iyulun 14-də Yardımlı rayonunun Urakəran kəndi ərazisində yeni aşkar edilən, Azərbaycan tarixi üçün böyük əhəmiyyət daşıyan antik dövr yaşayış məskənində aparılan arxeoloji çöl-tədqiqat işləri ilə tanış olub.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, tarixçi-alim Həsən Həsənov, rayon ictimaiyyətinin nümayəndələri də qazıntı yerində olublar.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev ərazidəki araşdırmalar barədə ətraflı məlumat verib. Bildirib ki, əraziyə yaxın yerləşən Bilgə nekropolunda aparılan tədqiqatlar zamanı meqalitörtüklü daş qutu və küp qəbirlər aşkar edilib, eyni zamanda, nekropolda torpaq qəbirlərin də mövcudluğu müəyyənləşdirilib. Bir hektardan artıq ərazini əhatə edən nekropol eramızdan əvvəl III əsrdən eramızın III əsrinədək olan dövrə aiddir.
Qeyd olunub ki, Bilgə nekropolundan təxminən 250 metr cənub-qərbdə yerləşən yeni aşkar edilmiş yaşayış yerində müxtəlif istiqamətlərə uzanan iri tikili qalıqları müəyyən edilib.
Bildirilib ki, yaşayış məskəninin tam plan quruluşunun müəyyənləşdirilməsi məqsədilə arxeoloji tədqiqatların növbəti illərdə daha geniş miqyasda və müasir texniki vasitələrin tətbiqi ilə davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, arxeoloji çöl-tədqiqat işləri AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərliyi ilə Azərbaycan–ABŞ birgə ekspedisiyası tərəfindən həyata keçirilir. Ekspedisiyanın Amerika tərəfinə Los-Anceles Kaliforniya Universitetinin professoru Lara Fabian rəhbərlik edir.
Ekspedisiyanın əsas məqsədi Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan Atropatena dövrünə aid yaşayış məskənlərinin və qəbir abidələrinin tədqiqi, xüsusilə dağlıq ərazilərdə urbanizasiya proseslərinin, əhalinin həyat tərzinin, eləcə də regionlararası mədəni və iqtisadi əlaqələrin arxeoloji baxımdan öyrənilməsidir.
***
Ekspedisiyasının rəhbəri Ceyhun Eminli bildirib ki, bu, Azərbaycan dövlətçiliyi tarixində xüsusi əhəmiyyətli olan Atropatena dövlətinin tarixi ərazisidir: “Məhz bu ərazidə də qeyd olunan dövrə aid yaşayış məskənlərini aşkar etmək olduqca önəmlidir. Tədqiqat müddətində burada iri tikili qalıqları aşkar edə bildik və ümumilikdə bu, 2200 illik tarixi əhatə edir. Tədqiqat prosesində məlum oldu ki, burada eyni xronoloji çərçivədə, yəni bir-birindən bir neçə yüzillik fərq olmaq şərti ilə iri tikililər salınıb. Tədqiqat prosesində otaqlar da aşkar edildi. Müdafiə istehkamı olan müəyyən hissələri var. Tədqiqatlar göstərir ki, burada o dövrdə yanğın baş verib, tavanlar yanaraq dağılıb" (APA).
Onun sözlərinə görə, arxeoloji tapıntılar bu ərazidə məhz eramızın birinci əsrinin əvvəllərindən yerli şüşə istehsalının olduğunu təsdiq edir. Toplanan orqanik nümunələrin dərindən analizi ABŞ-ın Hamilton Kollecində laboratoriya şəraitində aparılacaq.
Los-Anceles Kaliforniya Universitetinin arxeologiya üzrə professoru Lara Fabianın sözlərinə görə, ərazidə daha da qədim antik materiallar var: “Bu il buradan ayrıldıqdan sonra mən və arxeoloq həmkarlarım bu tapıntılar haqqında elmi məqalələr yazmağa davam edəcəyik. Məqsədimiz bu materialları tanıtmaq və Azərbaycanın zəngin arxeoloji irsinə daha çox diqqət cəlb etməkdir. Ümid edirəm ki, gələcəkdə də bu ərazidə tədqiqatlarımızı davam etdirə biləcəyik. Çünki bu, çox mühüm arxeoloji abidədir və onun öyrənilməsi, eyni zamanda qorunması böyük əhəmiyyət daşıyır”.
Qeyd edilib ki, araşdırmalar nəticəsində xeyli sayda orqanik nümunələr toplanıb. Geniş ərazini əhatə edən bu kompleksin tam strukturunu müəyyən etmək üçün növbəti illərdə müasir texnoloji vasitələrlə daha irimiqyaslı qazıntılar planlaşdırılır.
























