İyulun 14-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş “Tərəqqi yolunun başlanğıcı – 14 iyul 1969-cu il” mövzusunda tədbir keçirilib.
Bu barədə kitabxanadan məlumat verilib.
Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov, Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Kəmalə Həşimova, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Əvvəlcə kitabxanada Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Muxtar Nağıyev 14 iyul 1969-cu ilin Azərbaycan tarixində yeni inkişaf mərhələsinin başlanğıcı olduğunu vurğulayaraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkənin ictimai-siyasi, iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş yaradılıb, müasir dövlətçilik ənənələrinin təməli qoyulub.
Professor Ədalət Muradov çıxışında həmin dövrdə həyata keçirilən iqtisadi islahatların, sənayeləşmə siyasətinin və milli kadr hazırlığının Azərbaycanın sonrakı inkişafında mühüm rol oynadığını qeyd edib.
Səbail RİH başçısının müavini Kəmalə Həşimova Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin milli həmrəyliyin möhkəmləndirilməsinə, sosial rifahın yüksəldilməsinə və mədəni irsin qorunmasına mühüm töhfələr verdiyini bildirib.
Professor Kərim Tahirov çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyev kitabxana işinin, elm və mədəniyyətin inkişafına daim xüsusi diqqət göstərib. Onun təşəbbüsü ilə kitabxana işi yeni inkişaf mərhələsinə qədəm qoyub, mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addımlar atılıb. Vurğulanıb ki, Milli Kitabxana bu gün də Ümummilli Liderin zəngin irsinin təbliği, tarixi yaddaşın qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində ardıcıl fəaliyyət göstərir.
Çıxışlarda Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti xüsusi qeyd olunub, belə tədbirlərin milli-mənəvi dəyərlərin təbliği və vətənpərvərlik hisslərinin möhkəmləndirilməsinə xidmət etdiyi vurğulanıb.
Tədbirin sonunda YAP Səbail rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup partiya üzvünə fəxri fərmanlar təqdim olunub.



















