Lənkəran Dövlət Dram Teatrı Mədəniyyət Nazirliyinin dəstəyi ilə növbəti uğurlu qastrol səfərini Quba rayonunda həyata keçirib.
Yaradıcı kollektiv Hüseynbala Mirələmovun "Gəlinlik paltarı" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı iyulun 10-da Quba rayonunun Mədəniyyət Mərkəzində nümayiş etdirib.
Bu barədə teatrdan məlumat verilib.
Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının (RF) Əməkdar artisti Laləzar Hüseynovadır.
Rayon ziyalıları, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və sənətsevərlərin baxdığı tamaşa böyük rəğbətlə, gurultulu alqışlarla qarşılanıb.
Tamaşadan sonra Quba rayon Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanov çıxış edərək Laləzar Hüseynovaya və teatrın bütün kollektivinə minnətdarlığını bildirib. Qeyd edib ki, tamaşada forma və məzmun bir-birini tamamlayır, vəhdət təşkil edir. Zaman və məkana uyğun verilən mizanlar, obrazların daxili aləminə uyğun kiçik ştrixlərin tamaşaçıya çatdırılması aktyorların ustalığından, həmçinin rejissorun uğurlu işindən xəbər verir: “Sözün əsl mənasında kollektiviniz səhnədə vahid ansambl şəklində çıxış etdi. Bir daha sizlərə uğurlar arzulayıram”.
Lənkəran Dövlət Dram Teatrının direktoru Laləzar Hüseynova səmimi qarşılanmaya görə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudova və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimova minnətdarlığını bildirib.
Qeyd olunub ki, bu cür qastrol səfərləri bölgələrdə teatr sənətinin təbliğinə, yeni tamaşaçı auditoriyasının formalaşmasına, teatr sənətinin inkişafına mühüm töhfə verir.
























