Bakı Uşaq və Gənclər Teatrı növbəti mövsümü "Göyçək Fatma" tamaşası ilə bağlayıb.
Bu barədə teatrdan məlumat verilib.
Azərbaycan xalq nağılı əsasında səhnələşdirilən tamaşa uzun illər Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərən, 2013-cü ildən isə Bakı Uşaq və Gənclər Teatrının aparıcı aktrisası olan Sovqat Səmədovanın 80 illik yubileyinə həsr edilib.
Tamaşaya Əməkdar artist İntiqam Soltan quruluş verib.
Teatrın müvəqqəti yerləşdiyi Qurban Abbasov adına Mədəniyyət Sarayında (Suraxanı rayonu Qaraçuxur qəsəbəsi) keçirilən tədbirin rəsmi hissəsində aparıcı Mehman Piriyev qonaqları təqdim edib.
Sonra Sovqat Səmədovanın həyat və yaradıcılıq yolundan bəhs edən videorolik nümayiş olunub.
Bakı Uşaq və Gənclər Teatrının direktoru və bədii rəhbəri İntiqam Soltan yubilyarı təbrik edərək ona teatrın “Fəxri fərman”ını təqdim edib.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov çıxış edərək sənətkara ittifaqın "Teatr fədaisi" medalını təqdim edib.
Qonaqlardan ATXİ-nin sədr müavini Əməkdar artist, professor Azad Şükürov və ittifaqın nümayəndəsi Elmira Kərimova da yubilyarı xoş sözlərlə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev təbriklərə qoşularaq aktrisaya “Fəxri fərman” təqdim edib.
Rəsmi hissənin ardından təqdim olunan "Göyçək Fatma" tamaşasında yubilyar Sovqat Səmədova Nənə obrazı ilə səhnəyə çıxıb.
Niyaz İlyasoğlu, Könül Şahbazova, Fatimə Qasımova, Qurban Əhmədov, Niyaz Novruzov, Fidan Əliyeva, Aytən Səfərova, Emin Balayev, Gülər Məhərrəmova, Səbinə Hüseynova və Fatimə İsayevanın da rol aldığı tamaşa böyük rəğbətlə qarşılanıb.


























