Bakı Bələdiyyə Teatrı 34-cü mövsümünü “Məhv olmuş gündəliklər” tamaşası ilə başa vurub.
Xalq yazıçısı İlyas Əfəndiyevin eyniadlı pyesinin tamaşası Mərdəkan Mədəniyyət Sarayının səhnəsində oynanılıb.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək rayonda belə mədəni tədbirlərin keçirilməsinin önəmindən bəhs edib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva milli mədəniyyətimizin qorunması və təbliğinin dövlətimizin genişmiqyaslı siyasətinin mühüm tərkib hissəsi olduğunu bildirib. O, klassik ədəbi irsimizin teatr səhnəsində yaşadılmasının əhəmiyyətini vurğulayıb.
Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov çıxışında İlyas Əfəndiyevin yaradıcılığından, onunla uzun illər davam edən əməkdaşlığından söz açıb.
Sonra səhnə əsəri nümayiş olunub.
İlyas Əfəndiyevin 1969-cu ildə yazdığı “Məhv olmuş gündəliklər” pyesi Azərbaycan teatrlarının səhnəsində bir çox rejissorlar tərəfindən uğurla tamaşaya qoyulub.
Bakı Bələdiyyə Teatrının baş rejissoru Mərahim Fərzəlibəyov görkəmli dramaturqun bir çox pyeslərinə səhnə həyatı verib. “Məhv olmuş gündəliklər” pyesi yazıçısının Mərahim Fərzəlibəyov tərəfindən səhnələşdirilən 11-ci pyesidir.
Tamaşada rolları Zülfiyyə Məmmədova, İlqar Musayev, Nigar Babayeva, Gülsabah Quliyeva, Toğrul Rza və Məmmədağa Əlilicanzadə ifa ediblər.
Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğludur.
Tamaşa Xəzər rayonunun sakinləri tərəfindən böyük maraqla izlənilib və gur alqışlarla qarşılanıb.
***
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin "Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında" 10 iyun 2026-cı il tarixli Fərmanı ilə Bakı Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

























