İyulun 9-da Bakıda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Gürcüstan Respublikası Mədəniyyət Nazirliyi arasında Birgə İşçi Qrupunun 3-cü iclası olub.
Milli Kitabxanada keçirilən iclasda Gürcüstanın mədəniyyət nazirinin birinci müavini Giorgi Mirtsxulavanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Azərbaycan nümayəndə heyətinə mədəniyyət nazirinin müavini Fərid Cəfərov rəhbərlik edib.
Tədbirdə Azərbaycan ilə Gürcüstan arasında mədəni-humanitar əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri geniş müzakirə olunub. Bildirilib ki, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri mədəniyyət sahəsində əməkdaşlığın ardıcıl genişlənməsi üçün etibarlı zəmin yaradır.
Fərid Cəfərov çıxışında qeyd edib ki, Azərbaycan ilə Gürcüstanı ortaq tarix, zəngin mədəni irs və mehriban qonşuluq ənənələri birləşdirir. Son illərdə mədəniyyət sahəsində əməkdaşlıq yeni məzmun qazanaraq kitabxana işi, muzey fəaliyyəti, teatr, mədəni irsin qorunması, təsviri incəsənət, yaradıcı sənayelər, kino və rəqəmsal transformasiya kimi istiqamətləri də əhatə edən sistemli tərəfdaşlığa çevrilib.
Gürcüstanın mədəniyyət nazirinin birinci müavini Giorgi Mirtsxulava səmimi qəbula görə təşəkkürünü bildirib, Azərbaycanla mədəni-humanitar əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edib.
İclasda teatrlar arasında qastrol və birgə səhnə layihələri, muzeylər və kitabxanalar arasında əməkdaşlıq, mədəni irsin qorunması, sərgilərin təşkili, yaradıcı sənayelər, kino sahəsində birgə təşəbbüslər, həmçinin mütəxəssislərin qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər Birgə İşçi Qrupunun fəaliyyətinin iki ölkə arasında mədəni əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm platforma olduğunu vurğulayaraq, qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsi və əlaqələrin gələcəkdə daha da genişləndirilməsi barədə razılıqlarını ifadə ediblər.
İclasın sonunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Gürcüstan Respublikası Mədəniyyət Nazirliyi arasında Birgə İşçi Qrupunun 3-cü iclasının Protokolu imzalanıb. Protokolda mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair razılaşdırılmış istiqamətlər öz əksini tapıb.























