153-cü teatr mövsümü Akademik Milli Dram Teatrının kollektivi üçün əlamətdar hadisələrlə yadda qalıb. Mövsüm ərzində teatr yeni səhnə əsərləri ilə tamaşaçıların görüşünə gəlib, korifey sənətkarımızın əziz xatirəsinə həsr olunan müxtəlif anım tədbirləri və yubileylər keçirib, beynəlxalq əlaqələrini genişləndirib.
Akademik Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İlham Əsgərov bu barədə AZƏRTAC-a danışıb.
O qeyd edib ki, mövsüm ərzində “Baş”, “Bayquş gəldi, yaxud bir az məhəbbətdən danışaq”, “Ləng: zamanla yarışan insan”, “Aydın”, “Kral Lirin faciəsi”, “Gözəl və bədheybət” tamaşalarının premyerası keçirilib.
“Akademik Milli Dram Teatrı Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Çin milli teatrları və Şəki Dövlət Dram Teatrı ilə memorandum imzalayıb, Türkiyə Dövlət Teatrları və İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları ilə əməkdaşlığa başlayıb. Azərbaycan teatr tarixində ilk dəfə olaraq, Çin milli teatrları ilə əməkdaşlıq əlaqələri qurmuşuq. Bu, bizim üçün təkcə səhnə texnikası təcrübəsinin öyrənilməsi və tətbiqi üçün deyil, eyni zamanda, müasir teatr estetikasının və meyillərinin mənimsənilməsi üçün də vacibdir”, - deyə İlham Əsgərov əlavə edib.
Direktor memorandum imzalanan teatrlarla əməkdaşlığın mərhələli şəkildə reallaşdığını bildirib: “Şota Rustaveli adına Gürcüstan Milli Teatrı ilə imzalanan əməkdaşlıq müqaviləsinin bəndlərinə uyğun olaraq, dünyaca məşhur rejissor Robert Sturuanın “Zəncirlənmiş Prometey” tamaşası səhnəmizdə nümayiş olundu. Eyni zamanda Akademik Milli Dram Teatrının “Şükriyyə” tamaşası Rustaveli Teatrının səhnəsində oynanıldı. Daha sonra bu teatrın baş rejissoru David Sakvaralidze səhnəmizdə “Kral Lirin faciəsi” tamaşasına quruluş verdi. Bu səhnə əsəri ilə Konya Beynəlxalq Teatr Festivalında uğurla iştirak etdik. Yanka Kupala adına Belarus Milli Teatrı ilə qurulan əməkdaşlıq əlaqələrinin ilk mərhələsi olaraq isə, bu teatrın baş direktoru, Belarus Parlamentinin deputatı Aleksandr Şestakovun iştirakı ilə “Müasir teatr: idarəçilik, maliyyələşdirmə, dövlət dəstəyi və özəl investisiyalar” mövzusunda görüş təşkil olunub.
Milli Teatr Gününü (10 mart – red.) türkdilli ölkələrin milli teatr rəhbərlərinin iştirakı ilə təntənəli şəkildə qeyd etdik. Tədbirdə Türkiyə Dövlət Teatrlarının baş direktoru Tamer Qaradağlı və İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının rəhbəri Ayşəgül İşsevər də iştirak etdi və iki qardaş ölkə arasında teatr sahəsindəki gələcək əməkdaşlığı müzakirə etdik”.
İlham Əsgərovun sözlərinə görə, teatrın qarşıdakı mövsüm üçün planları və hədəfləri böyükdür: "Noyabrda Çin Milli Dram Teatrının direktoru Tian Qinxin ölkəmizə səfəri planlaşdırılır. Çinin məşhur dramaturqu Lyu Şuqanın “Ölünün diriləri ziyarət etməsi” tamaşasının məşqləri aparılır və premyerasını məhz xanım Tian Qinxin iştirakı ilə edəcəyik. Sentyabr ayında isə Moldova Milli Teatrı ilə əməkdaşlıq əlaqələrinin ilkin addımı atılacaq”.
Direktor diqqətə çatdırıb ki, teatr böyük rus yazıçısı F.Dostoyevskinin yaradıcılığına da müraciət edib və yaxın günlərdə ədibin “Dayının yuxusu” əsəri əsasında hazırlanan tamaşaya daxili baxış olacaq.
Bundan əlavə, Akademik Milli Dram Teatrında böyük səhnə üçün “Atılmış qadın”, “Ana" və "İki aktrisa üçün baş rol", Abbas Mirzə Şərifzadə adına səhnə üçün “Payız sonatası”, “Kişi və qadın”, “İvan İliçin ölümü” və “Dəmir sinif” tamaşalarının məşqləri aparılır. Yeni mövsümdə Cəlil Məmmədquluzadənin "Kamança" pyesinin motivləri əsasında Vətən müharibəsi haqqında səhnələrin əlavəsi ilə yeni tamaşanın hazırlanması da nəzərdə tutulur.
























