Tacikistanın Azərbaycandakı səfiri İlxom Abduraxmon və səfirliyin əməkdaşı iyulun 7-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

Bu barədə institutdan məlumat verilib.

Qonaqları Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli qəbul edib. Görüşdə elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov, elmi katib tarix ü.f.d., dosent Aynur Hacıqədirli, rəqəmsal inkişaf üzrə direktor müavini fil.ü.f.d., dosent Xatirə Yusifova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri tarix ü.f.d., dosent Nigar Babaxanova iştirak edib.

Akademik Teymur Kərimli institutda qorunan tacik və fars ədəbiyyatına dair əlyazma nüxsələri, institutun tarixi və elmi fəaliyyət istiqaməti barədə məlumat verib.

Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

İnstitutun direktoru qonağa dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” kitabını təqdim edib. İlxom Abduraxmon da öz növbəsində akademik Teymur Kərimliyə Tacikistan ənənəvi naxışları ilə bəzədilmiş dekorativ nümunə hədiyyə edib.

Sonra Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin müdiri tarix.ü.f.d., dosent Nigar Babaxanova qonaqları institutun ekspozisiya zalı ilə tanış edib. O cümlədən burada sərgilənən Şərq və dünya ədəbiyyatının qüdrətli klassikləri Əbülqasım Firdovsi, Əbdürrəhman Cami və Hafiz Şirazinin əsərlərinin qədim əlyazmaları barədə məlumat verilib.