İyulun 8-də Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin sərgi salonunda “Azərbaycan təsviri sənətinin inciləri. Qızıl kolleksiya” sərgisinin açılış mərasimi keçiriləcək.

Sərgi Muzey Mərkəzi, Azərbaycan Dövlət Rəsm Qalereyası və “Greentech Solutions” şirkətinin təşkilatçılığı, SOCAR, bp və ölkəmizdə fəaliyyət göstərən digər neft şirkətlərinin sponsorluğu ilə ərsəyə gəlib.

Azərbaycan Dövlət Rəsm Qalereyasından verilən məlumata görə, sərgi iyulun 9-dan sentyabrın 15-dək (çərşənbə axşamı – bazar) ziyarət üçün açıq olacaq.

Sərgidə Azərbaycan təsviri sənətinin formalaşmasında və inkişafında xüsusi xidmətləri olan görkəmli sənətkarların yaradıcılığından seçilmiş rəngkarlıq, qrafika və heykəltaraşlıq əsərləri nümayiş etdiriləcək.

Ekspozisiyada ziyarətçilər Muzey Mərkəzinin əsaslı şəkildə yenilənmiş sərgi zalları, habelə daha innovativ və interaktiv sərgi təcrübəsi təqdim etmək məqsədilə immersiv texnologiyalar əsasında hazırlanmış xüsusi sərgi zalı ilə tanış olmaq imkanı əldə edəcəklər.

Sərgiyə giriş biletini iticket.az saytında almaq mümkün olacaq.