Bakı Slavyan Universitetinin (BSU) 2025–2026-cı tədris ili üzrə “Məzun günü” təntənəli şəkildə qeyd olunub. Mərasimdə dövlət və hökumət nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, professor-müəllim heyəti, tələbələr, məzunlar, onların valideynləri və digər qonaqlar iştirak ediblər.

Tədbir Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

BSU-nun rektoru Anar Nağıyev çıxış edərək bildirib ki, məzunların ali təhsil illərində qazandıqları bilik və bacarıqlar onların gələcək fəaliyyətində mühüm rol oynayacaq. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" fikri bu gün də ölkəmizdə həyata keçirilən dövlət təhsil siyasətinin əsas istiqamətlərindən biridir.

Gənclər və idman naziri Fərid Qayıbov vurğulayıb ki, dövlət gənclər siyasətinin mərkəzində hər zaman innovativ, vətənpərvər və dünyaya açıq gənclərin yetişdirilməsi dayanır. O qeyd edib ki, müxtəlif dillərdə sərbəst ünsiyyət quran BSU-nun tələbələri bu siyasətin uğurlu nəticələrinin bariz nümunəsidir. Nazir vurğulayıb ki, əsas məqsəd gənclərin ölkəsinə və dünyaya faydalı vətəndaş kimi formalaşmasıdır.

Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova və digər çıxış edənlər məzunlara təbriklərini çatdırıblar.

Universitetin ictimai, elmi və mədəni həyatında fəal iştirak edən tələbələrə təşəkkürnamələr təqdim olunub.

“Məzun günü”nün musiqili qonaqları Ədalət Şükürov və Murad Arif tədbirə bayram ab-havası bəxş ediblər.

Sonda məzunlar ənənəvi papaqatma mərasimində iştirak edərək tələbəlik illəri ilə vidalaşıblar.