Birinci Türkoloji Qurultay dil, ədəbiyyat, tarix və mədəniyyət məsələlərinin sistemli şəkildə müzakirə olunduğu ilk beynəlxalq elmi platforma kimi Türk dünyasında ortaq elmi düşüncənin formalaşmasına mühüm zəmin yaradıb. Qurultay türk xalqları arasında mədəni və elmi yaxınlaşmanın ideya əsaslarını möhkəmləndirərək gələcək əməkdaşlıq üçün strateji yol xəritəsi rolunu oynayıb.

Azərbaycan mədəniyyət nazirinin müavini Səadət Yusifova bu barədə iyunun 29-da “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı danışıb.

Beynəlxalq elmi konfrans Heydər Əliyev Mərkəzində keçirilən Türk Dünyası Həftəsi çərçivəsində təşkil olunub.

“Bu gün biz həmin tarixi hadisənin 100 illiyini qeyd edərkən, əslində yalnız keçmişə nəzər salmırıq, həm də gələcəyə baxırıq. Prezident İlham Əliyevin Sərəncamına əsasən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq keçirilən “Türk Dünyası Həftəsi” bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti ilə yanaşı TDT, TÜRKSOY, Türk Akademiyası, TMİF, TÜRKPA və Yunus Əmrə İnstitutu kimi nüfuzlu beynəlxalq qurumların tərəfdaşlığı ilə həyata keçirilən bu genişmiqyaslı tədbirlər silsiləsi Türk dünyasında elmi və mədəni əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir”, - deyə Səadət Yusifova bildirib.

Nazir müavini vurğulayıb ki, bugünkü konfransın mövzusu – “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” – xüsusi aktuallıq daşıyır. Müasir dövrdə təhsil sistemləri sürətlə dəyişir, rəqəmsallaşma və süni intellekt texnologiyaları tədris prosesinə yeni yanaşmalar gətirir. Belə bir şəraitdə türk dillərinin, ədəbiyyatlarının və tarixinin tədrisi həm məzmun, həm də metod baxımından yenilənməyə ehtiyac duyur: "Birinci Türkoloji Qurultayın 100 illiyi bizə bir daha göstərir ki, Türk dünyasının gücü onun ortaq elmi düşüncəsində, mədəni birliyində və təhsil əməkdaşlığındadır. Birinci Türkoloji Qurultayın iştirakçıları yüz il əvvəl gələcək nəsillər üçün dəyərli bir miras qoyublar. Bu gün həmin irsi yaşatmaq, zənginləşdirmək və yeni şəraitdə inkişaf etdirmək bizim üzərimizə düşən məsuliyyətdir”.

Qeyd edək ki, beynəlxalq konfrans Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti, TÜRKSOY, Türk Akademiyası (katibliyi Astanada yerləşir), Türk Mədəniyyəti və İrsi Fondu (Bakıda yerləşir), Əl-Fərabi adına Qazax Milli Universiteti və Türk Dil Qurumu (Türkiyə) tərəfindən təşkil edilib.