Macarıstanın paytaxtı Budapeştdə keçirilən “QS Higher Ed Summit: Europe 2026” çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndə heyəti Çinin Makao Texniki Universitetinin nümayəndələri ilə görüş keçirib.

Rektor, professor Gülçöhrə Məmmədovanın iştirak etdiyi görüşdə iki universitetin əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsi aparılıb.

Bu barədə AzMİU-dan məlumat verilib.

Tərəflər təhsil və elm sahəsində birgə layihələrin həyata keçirilməsi, akademik heyət və tələbə mübadiləsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, beynəlxalq proqramlarda birgə iştirak və digər istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Müzakirələr zamanı beynəlxalq universitet reytinqlərində ali təhsil müəssisələrinin mövqeyinin gücləndirilməsi, bu istiqamətdə qabaqcıl təcrübələrin paylaşılması və beynəlxalq tanınmanın artırılması məsələləri də diqqət mərkəzində olub. Tərəflər reytinq göstəricilərinin yaxşılaşdırılması, akademik nüfuzun artırılması və strateji tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.