İyunun 25-də Bakıda “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçirilib.

Beynəlxalq Muğam Mərkəzində təşkil olunan forumda İraq, Suriya, Livan və Türkiyədən vətəndaş cəmiyyəti təmsilçisiləri iştirak ediblər. Tədbir türkman irsinin qorunması, ortaq tarixi-mədəni dəyərlərin təbliği, vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq və həmrəyliyin gücləndirilməsi məqsədini daşıyır.

Forumun açılış mərasimində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev, mədəniyyət nazirinin müavini Səadət Yusifova, İraq parlamentinin kərküklü deputatı, “İraq Türkman Cəbhəsi”nin lideri Ərşad Salihi, Suriya parlamentinin hələbli deputatı Tarık Sulo Cevizci, Livanda “Azərbaycan Evi” nin rəhbəri Xalid Gani, Milli Məclisin sədr müavini akademik Rafael Hüseynov, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, İraqdakı Füzuli Mədəniyyət Mərkəzinin sədri Haşim Kamil Mustafanın və “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin sədri Orxan İsayev çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, türkman icmaları arasında əlaqələrin gücləndirilməsi, ortaq tarixi və mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi bu cür forumların əsas məqsədlərindən biridir. Qeyd olunub ki, türkmanların yaşadığı coğrafiyalarda mədəni kimliyin qorunması, dil və ənənələrin yaşadılması xüsusi əhəmiyyət daşıyır.

Natiqlər bildiriblər ki, Azərbaycan bu sahədə mühüm platforma rolunu oynayır və türkman icmaları arasında dialoqun genişləndirilməsi, qarşılıqlı əməkdaşlıq və həmrəyliyin gücləndirilməsi istiqamətində vacib mərkəzlərdən biridir.

Eyni zamanda qeyd olunub ki, müxtəlif ölkələrdə fəaliyyət göstərən türkman təşkilatları arasında əlaqələrin sistemləşdirilməsi, birgə layihələrin həyata keçirilməsi və mədəni əməkdaşlığın dərinləşdirilməsi gələcəkdə daha güclü nəticələrə yol aça bilər.

Forum çərçivəsində Azərbaycanın QHT Agentliyinin donorluğu ilə “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi “Kərkük oğuz gözəli” adlı yeni musiqi əsərini ilk dəfə ictimaiyyətə təqdim edib. Mahnının sözlərinin müəllifi akademik Rafael Hüseynov, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Əsəri Əməkdar artist, görkəmli vokal ustası Ramil Qasımov ifa edib. Estrada-simfonik orkestr və xor kollektivinin də iştirakı ilə yüksək estetik zövqlə işlənilmiş əsər Kərkükün qədim Oğuz-türk ruhunu, Azərbaycanla mənəvi tellərini canlandırır.

Tədbir musiqi əsərinin mətnindən bəhrələnən “Nə yaxınmış uzaqlar” adlı panel müzakirəsi ilə davam edib.

Türkman irsi üzrə tədqiqatçı, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yanında İctimai şuranın sədri Elnur Mustafayevin moderatorluğu ilə keçirilən paneldə professor, Əməkdar elm xadimi, türkmanşünas Qəzənfər Paşayev, İraqın Türkman Alimlər Birliyinin sədri Nebil Şahin Kifrili, Suriya Türkman Platformasının və Suriya Türkman Məclisinin qurucusu Esat Arber Hasan, İraq Türkləri Mədəniyyət və Xeyriyyə Birliyinin sədri Eyüp Kərəm, Suriya Türkman Dərnəkləri Federasiyasının rəhbəri Ali Bedo Mustafa məruzələrlə çıxış ediblər.

Panel iştirakçıları türkman icmaları arasında elmi və mədəni əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, ortaq tədqiqatların aparılması, arxiv və folklor materiallarının toplanması, eləcə də akademik mübadilələrin genişləndirilməsi bu istiqamətdə mühüm nəticələr verə bilər.

Sonda qeyd olunub ki, belə forum və panellər türkman irsinin beynəlxalq səviyyədə tanıdılmasına, elmi dairələrdə daha geniş müzakirə olunmasına və ortaq mədəni dəyərlərin möhkəmlənməsinə xidmət edir.

Forum bədii hissə ilə başa çatıb.