Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Özbəkistanın Namanqan şəhərində keçirilən III Beynəlxalq Məqam Sənəti Forumunda iştirak edir.
İyunun 24-də forum çərçivəsində “Şərq məqamının yeni tendensiyaları: ənənə və innovasiyanın qarşılıqlı əlaqəsi” mövzusunda elmi-praktik konfrans təşkil edilib.
Konfransda çıxış edən Adil Kərimli Azərbaycan muğam sənətinin xalqımızın milli-mədəni kimliyində xüsusi yer tutduğunu vurğulayıb.
Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mədəniyyətin bütün sahələrinə, o cümlədən muğam sənətinin inkişafına və təbliğinə davamlı qayğı göstərildiyini diqqətə çatdırıb.
Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən Azərbaycan muğamının qorunub yaşadılması, ölkəmizdə və beynəlxalq miqyasda təbliğinə mühüm töhfələr verən müxtəlif səpkili layihələr həyata keçirilir.























