Naxçıvan Muxtar Respublikasında (MR) Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Dövlət Universitetinin (NDU) təşkilatçılığı ilə 23-24 iyun tarixlərində Naxçıvan şəhərində 3-cü “Karyera sərgisi" keçirilib.

Bu barədə NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirin açılışında Prezidentin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan MR-nin baş naziri Cabbar Musayev və digər çıxış edənlər məşğulluğun təmin olunması baxımından karyera sərgilərinin, əmək yarmarkalarının əhəmiyyətini vurğulayıblar.

NDU-nun rektoru Elbrus İsayev çıxışında universitetlə əmək bazarı arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyini bildirib. Qeyd edib ki, NDU Naxçıvanda ən geniş işəgötürən müəssisə olmaqla yanaşı, yüksəkixtisaslı kadr hazırlığında da mühüm rol oynayır. O, əvvəlki illərdə təşkil olunan karyera sərgilərinin nəticələrinə də toxunaraq bildirib ki, əvvəlki iki sərgidə 200-ə yaxın namizəd işlə təmin olunub.

Sərgi çərçivəsində ümumilikdə 2346 vakansiya təqdim olunub. Bunlardan 2066-sı dövlət sektoruna, 280-i isə özəl sektora aiddir. Tədbir iştirakçılar üçün əmək bazarının mövcud imkanları ilə tanış olmaq, işəgötürənlərlə birbaşa əlaqələr qurmaq və gələcək karyeralarını planlaşdırmaq baxımından mühüm platforma rolunu oynayıb.