İyunun 23-də AMEA-nın Rəyasət Heyətində Azərbaycan Milli Elmlər Akademiyası ilə Albaniya Elmlər Akademiyası arasında anlaşma memorandumunun imzalanma mərasimi keçirilib.
Bu barədə AMEA-dan məlumat verilib.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli anlaşma memorandumunun akademiyalar arasında qarşılıqlı əməkdaşlıq və gələcək birgə layihələr üçün geniş perspektivlər açacağını vurğulayıb. AMEA-da sanballı elmi nəşrlərin işıq üzü gördüyünü deyən İsa Həbibbəyli “AMEA-nın məruzələri” jurnalının bir sayının Albaniyanın tarixi, coğrafiyası, mədəniyyəti və s. həsr olunmasını, eyni zamanda Albaniya Elmlər Akademiyasının nəşrlərindən birinin bir sayının ölkəmizə həsr olunmasını təklif edib.
Albaniya Elmlər Akademiyasının prezidenti akademik Skender Ginuşi ölkələrimiz arasında əlaqələrin müsbət dinamikada davam etdiyini diqqətə çatdırıb. O, səfərlərinin məqsədinin elmi istiqamətdə əlaqələrin inkişaf etdirilməsi olduğunu deyib. Skender Ginuşi diqqətə çatdırıb ki, hazırda Albaniya Elmlər Akademiyasında Arxeologiya İnstitutu, Tarix İnstitutu, Dilçilik və Ədəbiyyat İnstitutu, Antropologiya İnstitutu, Ensiklopedik və Albanoloji Nəşrlər Mərkəzi, Biotexnologiya və Genetika Elmi Tədqiqat Mərkəzi və İncəsənət Araşdırmaları Mərkəzi fəaliyyət göstərir, nanotexnologiya, geologiya, süni intellekt, ətraf mühit və su ehtiyatları istiqamətində tədqiqatlar aparılır. O, həmçinin Albaniya Elmlər Akademiyasının ölkədə aparılan bütün elmi tədqiqatların koordinasiyasını həyata keçirdiyini söyləyib, hazırda 37-yə yaxın elmin bütün sahələrini əhatə edən layihənin maliyyələşdirildiyini bildirib.
Xalqlarımızın mədəniyyəti və tarixi arasında bir çox oxşarlıqların olduğunu deyən Skender Ginuşi imzalanacaq memorandumun akademiyalarımızın gələcək əməkdaşlığı üçün geniş imkanlar açacağını söyləyib.
Mərasimdə çıxış edən Albaniyanın Azərbaycandakı səfiri Besart Kadia yenidən AMEA-da olmaqdan məmnunluğunu dilə gətirib. Qeyd edib ki, bu gün tədbirdə vurğulandığı kimi, ölkələrimiz arasında sıx əlaqələr mövcuddur və bu, elmi müstəvidə də əməkdaşlığımızın genişlənməsinə imkan verir. Gələcək birgə elmi tədqiqatların aparılmasını səbirsizliklə gözlədiyini deyən səfir növbəti görüşün Albaniyada keçirilməsini arzulayıb.
Bakıya artıq ikinci dəfə səfər etdiyini deyən Albaniya Elmlər Akademiyasının üzvü akademik Anastas Angjeli çıxışında vurğulayıb ki, Azərbaycan ilə Albaniyanın geniş elmi potensialı var və cari ilin mart ayında AMEA-ya səfəri zamanı bu potensialdan istifadəyə dair ilkin razılıq əldə olunub və bu gün memorandumun imzalanması mərasimi keçirilir.
Akademiyanın elmi müəssisələrini ziyarət etdiyini və bir sıra səmərəli görüşlər keçirdiyini deyən akademik Anastas Angjeli memorandumun şərtlərinin həyata keçirilməsinin birgə elmi əməkdaşlığımızın inkişafına təkan verəcəyini söyləyib.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova rəhbərlik etdiyi Biologiya və Tibb Elmləri Bölməsinin, həmçinin Molekulyar Biologiya İnstitutunun Albaniya Elmlər Akademiyası ilə birgə ətraf mühitin öyrənilməsi, ərzaq təhlükəsizliyi, nadir və nəsli kəsilməkdə olan bitki növlərinin tədqiqi istiqamətində geniş imkanlara malik olduğunu deyib.
Çıxışlardan sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə Albaniya Elmlər Akademiyası arasında anlaşma memorandumu imzalanıb.
Sənədi akademik İsa Həbibbəyli və akademik Skender Ginuşi imzalayıblar.
























