23-26 iyun tarixlərində Özbəkistan Respublikasının Namanqan şəhərində UNESCO və ICESCO-nun himayəsi altında III Beynəlxalq Məqam Sənəti Forumu (International Maqom Art Forum – 2026) keçirilir.
Forumun açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
Mərasimdə çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Beynəlxalq Məqam Sənəti Forumunun mədəni əməkdaşlıq müstəvisində əhəmiyyətini vurğulayıb: “Əgər forumumuzda iştirak edən Azərbaycan sənətçiləri muğamla, türk sənətçiləri mukomla, tacik hafizləri məqamla, hind incəsənət qrupları raqa ilə, Afrika qitəsinin nümayəndələri nuba ilə birlikdə “Maqom Yolu” mədəni və turizm marşrutunun formalaşmasında fəal iştirak etsələr, əminəm ki, mədəni irsin beynəlxalq tanınması daha da artacaq”.
Dövlət başçısı diqqətə çatdırıb ki, UNESCO, AISESCO, Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurası, TÜRKSOY, Türk Parlament Assambleyası, Türk Mədəniyyəti və İrsi Fondu və digər beynəlxalq təşkilatların rəhbərlərinin, eləcə də xarici ölkələrin mədəniyyət nazirlərinin, səfirlərin, habelə 80-dən çox ölkədən təxminən 250 mədəniyyət və incəsənət nümayəndəsinin iştirakı bugünkü foruma xüsusi nüfuz və çəki verir.
Qeyd edək ki, 2018-ci ildə əsası qoyulan və iki ildən bir təşkil olunan (pandemiya səbəbindən 2020-ci və 2022-ci illərdə keçirilməyib) Beynəlxalq Məqam Sənəti Forumu elmi-praktik konfransları, konsert proqramlarını, ustad dərslərini və yaradıcı müzakirələri özündə birləşdirən nüfuzlu beynəlxalq mədəni platforma kimi tanınır. Forumun əsas məqsədlərindən biri də Şərq musiqi irsinin zəngin ənənələrini qlobal miqyasda təşviq etmək, xalqlar arasında mədəni dialoqu gücləndirmək və yaradıcılıq əməkdaşlığını genişləndirməkdir.
Azərbaycan nümayəndə heyətinin forumda iştirakı ölkəmizin zəngin musiqi irsinin beynəlxalq səviyyədə tanıdılması, Türk dünyasının ortaq mədəni dəyərlərinin təşviqi və mədəni diplomatiyanın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

























