Tarixdəki olaylar

 

24 iyun 1938 –  Azərbaycan SSR Ali Sovetinə ilk seçkilər keçirilib. 310 nəfərlik parlamentə 107 fəhlə, 88 kolxozçu və 115 ziyalı-qulluqçu seçilmişdi. Deputatların 72-si qadın idi. Kommunist Partiyasının bütün dövlət funksiyalarını mənimsədiyi şəraitdə Ali Sovet qanunverici orqan olaraq formal fəaliyyət göstərirdi.

 

24 iyun 1993 – Azərbaycandakı siyasi böhran parlamentdə geniş müzakirə olunub. İyunun 18-də Bakını tərk edərək Ordubad rayonunun Kələki kəndinə getmiş Prezident Əbülfəz Elçibəylə danışıqlardan qayıdan ziyalı heyətinin məlumatı dinlənilib. Elçibəyin Bakıya dönmək istəmədiyi nəzərə alınaraq, Konstitusiyanın müvafiq maddəsinə əsasən, Prezident səlahiyyətlərinin Ali Sovetin sədrinə verilməsi barədə qərar qəbul edilib. Həmin tarixdən Ali Sovetin sədri Heydər Əliyev Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başlayıb. Ölkədə növbədənkənar prezident seçkiləri 1993-cü il oktyabrın 3-nə təyin edilib. 

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

24 iyun 1912 – Rusiyanın Xalq artisti Sergey Nikolayeviç Filippov (1912 – 19.4.1990) anadan olub. Filmləri: “12 stul”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s. Azərbaycanda “Alma almaya bənzər” filmində çəkilib.

 

24 iyun 1930 – Fransız rejissor, “yeni dalğa”nın tanınmış nümayəndəsi Klod Şabrol (Claude Chabrol; 1930 – 12.9.2010) anadan olub. “Qəssab”, “Bayquşun çığırtısı” və s. filmləri çəkib.

 

24 iyun 1944 – Əməkdar mədəniyyət işçisi, kino istehsalı təşkilatçısı Faiq Məmmədəli oğlu Əliyev (1944–2015) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında, Dövlət Film Fondunda işləyib.

 

24 iyun 1939 – Cənubi Azərbaycan yazıçısı Səməd Behrəngi (1939 – 31.8.1968) Təbrizdə anadan olub. “Ulduz və qarğalar”, “Balaca qara balıq” və s. kitabların müəllifidir. Azərbaycan nağıllarını fars dilinə tərcümə edib.

 

24 iyun 1954 – Əməkdar mədəniyyət işçisi Vaqif Mahmud oğlu Bağırzadə (1954 – 7.3.2021) Bakıda anadan olub. 2003–2020-ci illərdə Bakı Dövlət Sirkinin direktoru işləyib.

 

24 iyun 1955 – Tanınmış jurnalist, Azərbaycanda müstəqil mətbuatın təşəkkülündə mühüm xidmətləri olan Nəcəf Adil oğlu Nəcəfov (1955 – 17.12.1999) Bakıda doğulub. Ali Sovetin deputatı olub. Ölümündən sonra “Şöhrət” ordeni ilə (2005) təltif edilib.

 

24 iyun 1985 – Əməkdar artist Süsən Hacı Aslan qızı Məcidova (14.10.1916 – 1985) vəfat edib. Gənc Tamaşaçılar Teatrında  çalışıb, “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim” və s. filmlərdə çəkilib.  

 

24 iyun 1986 – Əməkdar incəsənət xadimi, Azərbaycan kinosunun ilk rejissorlarından olan Mikayıl Yusif oğlu Mikayılov (30.12.1903 – 1986) vəfat edib.

 

24 iyun 1992 – Əməkdar incəsənət xadimi, rəssam Cavad Mirhaşım oğlu Mircavadov (19.1.1923 – 1992) vəfat edib.

 

24 iyun 2019 – Filologiya elmləri doktoru, professor, mətbuat xadimi, Əməkdar jurnalist Şirməmməd Ağaməmməd oğlu Hüseynov (1924 – 24.6.2019) vəfat edib.

 

Hazırladı: Vüqar Orxan