Romanın “Casa del Jazz” mədəniyyət məkanında “Xəzərin səsi: Azərbaycan cazı” (“İl suono del Caspio: Jazz dell’Azerbaigian”) adlı konsert proqramı keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov, ICCROM-un baş direktoru Aruna Francesca Maria Gujral, İtaliya Mədəniyyət Nazirliyinin məsul əməkdaşları və sənətsevərlər iştirak ediblər.

Konsert proqramında Xalq artistləri Eldar Mansurov, Ənvər Sadıqov, Əməkdar artist Emil Əfrasiyab, eləcə də Elnur Hüseynov və Aysel Teymurzadə çıxış ediblər.

İncəsənət nümayəndələrimiz tərəfindən Azərbaycan xalq musiqisinin intonasiyalarını müasir caz improvizasiyaları ilə birləşdirən əsərlər böyük şövqlə səsləndirilib.

Böyük maraqla qarşılanan konsert Azərbaycan caz sənətinin beynəlxalq mədəni dialoq üçün mühüm platforma olduğunu bir daha nümayiş etdirib.

Konsert, eyni zamanda, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində mədəni diplomatiyanın gücləndirilməsi və Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin tərkib hissəsi kimi əhəmiyyət daşıyır.