“Qərbi Azərbaycana qayıdış” konqres-festivalı çərçivəsində iyunun 19-da Prezident Kitabxanasının əməkdaşları Naxçıvan Dövlət Universitetində (NDU) keçirilən konqres hissəsində iştirak ediblər.
NDU-nun rektoru Elbrus İsayev qonaqları salamlayaraq bildirib ki, universitetin elmi kitabxanası zəngin fondu ilə yanaşı, müasir elektron resurslarla da təmin olunub, burada EBSCO, Clarivate və Taylor & Francis kimi nüfuzlu beynəlxalq elmi bazalardan istifadə imkanları yaradılıb. Rektor beynəlxalq elmi məlumat bazalarından istifadənin universitetdə aparılan tədqiqatların keyfiyyətinin yüksəldilməsinə, beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə və alimlərin elmi nəşrlərinin sayının artmasına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Prezident Kitabxanasının direktoru professor Afət Abbasova Qərbi Azərbaycan mövzusunun xalqımızın tarixi-mədəni irsində mühüm yer tutduğunu diqqətə çatdırıb. Bildirib ki, Prezident Kitabxanası tərəfindən hazırlanan “Qərbi Azərbaycan” elektron informasiya resursunda mövzu ilə bağlı kitablar, məqalələr, arxiv sənədləri, xəritələr və digər dəyərli mənbələr sistemləşdirilərək istifadəçilərin ixtiyarına verilib. Qeyd edib ki, “ Qərbi Azərbaycan: tarixi yaddaş və mədəni irs” adlı virtual sərgisi vasitəsilə tarixi-mədəni irsimizi əks etdirən materiallar daha geniş auditoriyaya təqdim olunur.
Prezident Kitabxanasının direktorunun müşaviri, tarix üzrə fəlsəfə doktoru Nazım Mustafa məruzə ilə çıxış edib. Bildirib ki, Prezident Kitabxanası Azərbaycanın tarixi irsinin, milli yaddaşının və dövlətçilik ənənələrinin qorunub gələcək nəsillərə çatdırılması istiqamətində mühüm informasiya-mədəniyyət missiyası həyata keçirir. Kitabxanada 50-dən artıq elektron informasiya layihəsi hazırlanaraq istifadəçilərin ixtiyarına verilib və bu resurslar Azərbaycanın siyasi tarixinin, dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərinin, eləcə də xalqımızın üzləşdiyi tarixi hadisələrin öyrənilməsi, elmi əsaslarla tədqiqi və geniş ictimaiyyətə çatdırılması işinə töhfə verir.
Konqres çərçivəsində Prezident Kitabxanasının əməkdaşları tərəfindən kitabxananın informasiya resursları və rəqəmsal layihələrinin təqdimatı olub.
Kitabxana işinin avtomatlaşdırılması, rəqəmsallaşdırma və elektron resurslar bölməsinin proqram təminatı qrupunun rəhbəri Tuncay Hüseynzadə Prezident Kitabxanasının rəsmi internet saytını, bölmə müdirləri Kəmalə Qasımova “Qərbi Azərbaycan” elektron layihəsini, Zakir İsmayılov isə WUF13 layihəsini təqdim edib.
Tədbir iştirakçılarına “Mirzə Qədim İrəvani” adlı qısa videoçarx nümayiş etdirilib və “Qərbi Azərbaycan: tarixi yaddaş və mədəni irs” virtual sərgisi haqqında məlumat verilib. Təqdimatlar Prezident Kitabxanasının rəqəmsal informasiya imkanlarını əks etdirərək iştirakçılarda böyük maraq doğurub.
Bununla yanaşı, Prezident Kitabxanasının NDU-ya hədiyyə etdiyi kitablardan ibarət sərgi də təşkil olunub. Rektor Elbrus İsayev göstərilən diqqətə və dəyərli kitab hədiyyəsinə görə Prezident Kitabxanasına təşəkkürünü bildirib, bu nəşrlərin universitetin tədris və tədqiqat fəaliyyətinə töhfə verəcəyini qeyd edib.





















