İyunun 18-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu, AMEA Arxeologiya və Antropologiya İnstitutu və ADA Universitetinin Qazax Mərkəzinin birgə təşkilatçılığı ilə "Bölgəmizin qədim tarixi və arxeologiyası: yeni tədqiqatlar və elmi nəticələr" mövzusunda sərgi və beynəlxalq elmi seminar keçirilib.

Bu barədə "Keşikçidağ" qoruğundan məlumat verilib.

Tədbirin əsas məqsədi Azərbaycanın qərb bölgəsinin zəngin arxeoloji irsinin, bəşər tarixinin ilkin mərhələlərini əks etdirən qədim yaşayış məskənləri və düşərgələrinin elmi əhəmiyyətinin geniş auditoriyaya çatdırılması, Keşikçidağ qoruğu ərazisində və ətraf bölgələrdə aparılan arxeoloji tədqiqatların nəticələrinin ictimaiyyətə təqdim olunması, həmçinin ölkədaxili və beynəlxalq elmi əməkdaşlığın inkişafına töhfə verilməsi olub.

Beynəlxalq seminara ADA Universitetinin Qazax Mərkəzinin magistrantları, Bakı Dövlət Universitetinin Qazax Filialının müəllim və tələbələri, tarix müəllimləri, "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun kollektivi, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Ağstafa və Qazax rayonları üzrə mütəxəssisləri qatılıb.

Tədbir çərçivəsində ilk olaraq qoruq ərazisində yerləşən kurqanlardan əldə olunmuş maddi-mədəniyyət nümunələri, eləcə də həyata keçirilən elmi layihələri əhatə edən çap məhsullarından ibarət sərgiyə baxış keçirilib. Sərgidə "Mədəni irsimiz Keşikçidağ" adlı təsvirli bələdçi, broşürlər, bukletlər, fleyerlər, həmçinin AMEA Arxeologiya və Antropologiya İnstitutunun arxeoloji və elmi tədqiqatlarının nəticələrini əks etdirən kitablar nümayiş olunub.

ADA Universitetinin Qazax Mərkəzinin əməkdaşı Yeganə Göyüşlü seminarı açaraq iştirakçılar salamlayıb, belə elmi platformaların regionun elmi potensialının inkişafına töhfə verdiyini vurğulayıb.

"Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev çıxış edərək tədbirin əhəmiyyətindən, qoruq ərazisində və bölgədə aparılan tədqiqatların elmi nəticələrindən və mədəni irsin qorunmasının vacibliyindən bəhs edib.

Ağstafa rayonunun Eynallı kəndində aparılan arxeoloji qazıntıların rəhbəri, Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli bölgədə son illər əldə olunmuş mühüm elmi nəticələr barədə geniş məruzə ilə çıxış edib.

Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçiləri – tarix üzrə fəlsəfə doktorları Azad Zeynalov və Yaqub Məmmədov bölgənin daş dövrünə aid Ceyrançöldə yerləşən açıq yaşayış düşərgələri, Damcılı və Daş Salahlı mağaraları, Yataq yeri və digər abidələrdə aparılan elmi tədqiqatlardan bəhs ediblər. İnstitutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadə maddi-mədəniyyət nümunələrinin qorunması, muzeylərdə ekspozisiyaların qurulması, onların sərgilənməsi və ziyarətçilərə təqdim olunması barədə danışıb.

Kataniya Universiteti (İtaliya) ilə birgə əməkdaşlıq çərçivəsində, AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilovun rəhbərliyi ilə Ağstafa rayonunun Tavatəpə yaşayış məskənində aparılan tədqiqat işlərində ekspedisiya üzvü olan institutun böyük elmi işçisi, arxeoloq Lola Hüseynova bu yaşayış məskənində aparılan arxeoloji qazıntılar, onların əhəmiyyəti və məbəd kimi istifadə olunması barədə məlumat verib.

Tavatəpə yaşayış məskənində fəaliyyət göstərən digər yerli və xarici ekspedisiya üzvləri – Yeni tikinti sahələrinin arxeologiyası şöbəsinin əməkdaşları Həsən Əlizadə və Aqil Əliyev, İtaliyanın Roma Sapienza Universiteti və CAMNES (Qədim Aralıq dənizi və Yaxın Şərq Tədqiqatları Mərkəzi) təşkilatının araşdırmaçısı, arxeoloq Alice Mendola, həmin universitetin arxeoloqları Roberta Sanna, Borgesi Aurora, Emanuela Scalisi, Ciacera Macauda Dario və La Causa Giulia aparılan müzakirələrdə öz fikirlərini bildiriblər.

"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun baş fond mühafizəçisi İsmayıl Omarlı bölgənin qədim tarixi və arxeoloji abidələri mövzusunda çıxış edib.

Məruzələr zamanı bölgənin daş dövründən başlayaraq sonrakı tarixi mərhələlərinə aid yaşayış məskənləri, kurqanlar, qədim istehkamlar və digər arxeoloji abidələr haqqında yeni elmi məlumatlar təqdim olunmuş, aparılan tədqiqatların nəticələri ətrafında məhsuldar müzakirələr aparılıb. İştirakçılar tərəfindən səsləndirilən fikir və təkliflər regionun arxeoloji potensialının gələcəkdə daha geniş şəkildə araşdırılması baxımından mühüm əhəmiyyət kəsb edib.

Tədbirin sonunda qeyd edilib ki, belə elmi seminarlar və sərgilər ölkənin zəngin mədəni irsinin təbliği, elmi biliklərin ictimaiyyətə çatdırılması, gənc nəslin tarix və arxeologiyaya marağının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda bu təşəbbüslər bölgənin qədim tarixinin daha dərindən öyrənilməsinə, beynəlxalq elmi əlaqələrin genişləndirilməsinə və mədəni irsin qorunması sahəsində yeni əməkdaşlıq imkanlarının formalaşmasına mühüm töhfə verir.