Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu və Qazaxıstan Respublikasının "Ezelgi Taraz" Tarix-Mədəniyyət Muzey-Qoruğunun birgə təşkilatçılığı ilə iyunun 17-də "Mədəni irs, elmi tədqiqat və gənclər: VI Yay məktəbi kontekstində Keşikçidağ–Taraz dialoqu" mövzusunda beynəlxalq onlayn seminar keçirilib.
Bu barədə "Keşikçidağ" qoruğundan məlumat verilib.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan digər qoruqların əməkdaşlarının, könüllülərin və tələbələrin qatıldığı seminarda Dövlət Xidmətinin Muzey və qoruqlar şöbəsinin qoruqların idarəedilməsi sektorunun müdiri Mahir Qəhrəmanov, "Ezelgi Taraz" muzey-qoruğunun direktor müavini Yerjan Aksanbayeviç, "Keşikçidağ" qoruğunun direktoru Musa Mursaquliyev, BDU-nun dosenti, tarix elmləri namizədi Yunis Nəsibli, Arxeologiya və Antropologiya İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov, Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov, "Ezelgi Taraz" muzey-qoruğunun elmi işçiləri məruzələrlə çıxış ediblər.
Qarşılıqlı elmi müzakirələr və səmərəli fikir mübadiləsi şəraitində aparılmış elmi seminarın sonunda məruzəçi və könüllülərə beynəlxalq sertifikat verilib.























