Respublika Gənclər Kitabxanası Azərbaycanın ilk Xalq şairi, qüdrətli söz ustadı Səməd Vurğunun 120 illik yubileyi münasibətilə silsilə maarifləndirici və mədəni layihələr həyata keçirir.

Kitabxananın əməkdaşları tərəfindən növbəti layihə olaraq “Xalq şairi Səməd Vurğun – sözün qüdrəti” adlı virtual sərgi hazırlanıb. 

Sərgidə Prezident İlham Əliyevin Xalq şairi Səməd Vurğunun 100 və 120 illiyinin keçirilməsinə dair imzaladığı sərəncamların, Ümummilli Lider Heydər Əliyevin şairin 90 illiyinə həsr edilən tədbirdə söylədiyi nitqinin tam mətni və Səməd Vurğun haqqında dəyərli fikirləri yer alır. Bu fikirlərdə şairin Azərbaycan ədəbiyyatında və milli-mədəni düşüncə tarixində tutduğu xüsusi mövqe yüksək qiymətləndirilir.

Şairin müxtəlif illərdə nəşr olunan, eləcə də həyat və yaradıcılığından bəhs edən 20-dən çox kitabın tam mətni təqdim virtual sərgidə təqdim edilir.

Şairin ədəbi irsini, milli düşüncə tərzini və söz dünyasını əks etdirən və dövri mətbuatda çap edilən yazıların – akademik Nizami Cəfərovun “Adını layiqincə doğruldan alim”, filologiya elmləri doktoru, professor Elman Quliyevin “Səməd Vurğunun söz dünyası və Azərbaycançılıq məfkurəsi”, pedaqogika üzrə fəlsəfə elmləri doktoru, dosent Allahverdi Eminovun “Səməd Vurğunun “Ana və körpə”sindən duyulanlar”, filologiya elmləri doktoru, professor Təyyar Salamoğlunun “Səməd Vurğun şeirinin tarixiliyi və təkamül mərhələləri” kimi məqalələrinin tam mətni də sərgidə yer alır.

“Xalq şairi Səməd Vurğun – sözün qüdrəti” adlı virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.