İyunun 14-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti, ustad tarzən, professor Vamiq Məmmədəliyevin 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqiçilər, ziyalılar və sənətsevərlər iştirak ediblər.
Mədəniyyət nazirinin müavini Xalq artisti Murad Hüseynov Mədəniyyət Nazirliyi adından yubilyara ünvanlanan təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
BMM-in direktoru Əməkdar artist, Özbəkistanın Mədəniyyət səfiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sahib Paşazadə Vamiq Məmmədəliyevi təbrik edərək ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb. Bildirib ki, ömrünün böyük bir hissəsini Azərbaycan musiqi mədəniyyətinin, xüsusilə də muğam sənətinin qorunmasına, inkişafına və təbliğinə həsr etmiş Vamiq Məmmədəliyev zəngin yaradıcılıq yolu keçib. Onun pedaqoji və elmi fəaliyyəti sayəsində yetişdirdiyi çoxsaylı tar ifaçıları milli musiqi məktəbimizin bu gününü və sabahını formalaşdıran dəyərli nümayəndələrə çevriliblər.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə, Xalq rəssamı Arif Hüseynov, Əməkdar artist Əyyub Quliyev, publisist Əkrəm Qaflanoğlu çıxış edərək Vamiq Məmmədəliyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən, yeni ifaçılar nəslinin yetişdirilməsi istiqamətində gördüyü işlərdən və pedaqoji fəaliyyətindən söz açıb, ona ən xoş arzularını çatdırıblar.
Yubiley gecəsində tanınmış xanəndələr və tarzənlər muğam və xalq mahnılarından ibarət proqramla çıxış ediblər. Xanəndələri Əməkdar artist Əliağa Sədiyevin rəhbərliyi ilə “Xarıbülbül” muğam qrupu müşayiət edib.
Qeyd edək ki, ustad tarzən tar alətinin ecazkar imkanlarını yüksək peşəkarlıqla nümayiş etdirərək Azərbaycan muğamını ölkəmizdə və onun hüdudlarından kənarda layiqincə təmsil edib, dünyanın bir sıra ölkələrində görkəmli muğam ifaçıları ilə birlikdə qastrol səfərlərində olub. Vamiq Məmmədəliyevin televiziya və radionun “qızıl fondu”na daxil edilmiş ifaları, məşhur xanəndələrlə yaratdığı sənət nümunələri milli musiqi irsimizin ən qiymətli səhifələri sırasında xüsusi yer tutur. Tarzənin sənətə və müəllimlik missiyasına sonsuz sədaqəti, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına verdiyi töhfələr hər zaman böyük ehtiramla qarşılanır.


























